Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar–dekabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 352 milyon 409,8 min manat məbləğində vəsait geri qaytarılıb.
Geri qaytarılan məbləğlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərində, mədəniyyət və tibbi xidmətlər sahəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən mehmanxanalarda etdikləri ödənişlər üzrə Əlavə Dəyər Vergisinin (ƏDV) qaytarılması ilə bağlı olub. Eyni zamanda, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal olunan və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV də geri qaytarılan vəsaitlər sırasındadır.
Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları və müxtəlif ödənişlər üzrə məbləğlər də dövlət büdcəsindən vətəndaşlara və sahibkarlara qaytarılıb.
Qeyd olunan göstəricilər dövlətin vergi və ödənişlər üzrə şəffaflıq və vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş siyasətinin davamı kimi qiymətləndirilir.

