2025-ci ildə də Mərkəzi Bankın pul siyasəti inflyasiyanın aşağı və stabil səviyyədə saxlanılmasına yönəldiləcəkdir.
GDP xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Bəyanatda qeyd olunur ki, pul siyasəti qərarları yenilənmiş makroiqtisadi proqnozlar, ortamüddətli dövrə inflyasiyanın xarici və daxili amilləri üzrə risk balansının dəyişimi əsasında veriləcəkdir. 2024-cü ildə olduğu kimi, növbəti ildə də pul siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdiriləcəkdir.
Cari ilin iqtisadi nəticələri 2025-ci il üçün makroiqtisadi sabitlik göstəriciləri üzrə nikbin proqnozlara əsas yaratmışdır. Qeyd olunur ki, 2024-cü ildə inflyasiya hədəf diapazonuna (4±2%) qayıtmış və pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.
Mərkəzi Bankın pul siyasəti “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsinə uyğun olaraq işlənib hazırlanır və ictimaiyyətə açıqlanır. 2025-ci ildə də qiymətlərin sabitliyinə yönəlmiş bu siyasət iqtisadi artımın davamlılığına və makroiqtisadi sabitliyin qorunmasına xidmət edəcəkdir.