2025-ci ilin 4-cü rübündə Azərbaycanda ödəniş kartları ilə bağlı rəqəmsal fırıldaqçılıq hallarının həcmi artıb.
GDP xəbər verir ki, nu barədə Azərbaycan Respublikasının Mərkəzi Bankının açıqladığı statistikada bildirilib.
Banklardan toplanmış məlumatlara əsasən, 4-cü rübdə ölkədaxili fırıldaqçılıq əməliyyatlarının həcmi 1 milyon 783 min 31 manat təşkil edib. Bu göstərici 3-cü rüblə müqayisədə 50,45 faiz artım deməkdir.
Belə ki, 3-cü rübdə ölkədaxili fırıldaqçılıq hallarının məbləği 1 milyon 185 min 101 manat olub.
Ölkəxarici əməliyyatlar üzrə isə 4-cü rübdə fırıldaqçılıq hallarının məbləği 370 min 444 manat qeydə alınıb. Bu da əvvəlki rüblə müqayisədə 20,01 faiz artım deməkdir. 3-cü rübdə bu göstərici 308 min 668 manat olub.
Rüblər üzrə dinamika göstərir ki, xüsusilə 3-cü rübdən etibarən ölkədaxili əməliyyatlarda kəskin artım müşahidə edilir. 1-ci rübdə 431 min 291 manat, 2-ci rübdə isə 344 min 83 manat məbləğində ölkədaxili fırıldaqçılıq faktı qeydə alınmışdı.
Mərkəzi Bankın təhlillərinə görə, bu hallar əsasən ödəniş kartı istifadəçilərinin şəxsi və kart məlumatlarını kiberdələduzlara ötürməsi nəticəsində baş verir. Bank müştərilərə naməlum zənglərə, şübhəli keçidlərə və sosial şəbəkələr üzərindən edilən təkliflərə qarşı diqqətli olmağı tövsiyə edir.

