Şanxay Avtomobil Sərgisində Toyota, Huawei-nin HarmonyOS əməliyyat sistemi ilə işləyən ilk avtomobilini təqdim edib.
GDP xəbər verir ki, tam elektrikli sedan Toyota bZ7, ilin sonuna qədər bazara çıxarılacaq. Rəsmi spesifikasiyalar hələ açıqlanmasa da, avtomobilin Huawei-nin qabaqcıl ADAS (Advanced Driver Assistance Systems) autopilot texnologiyasını da özündə cəmləşdirməsi gözlənilir.
Bu yeni model, Toyota və Huawei-nin avtomobil sənayesində daha sıx əməkdaşlıq etməyə başladığını göstərir. Toyota bZ7, həmçinin, HarmonyOS əməliyyat sisteminin avtomobil sahəsində tətbiq olunduğu ilk böyük nümunədir.
Huawei-nin ABŞ-ın tətbiq etdiyi sanksiyalar sonrası göstərdiyi irəliləyişlər də diqqət çəkir. Şirkət, qlobal mobil rabitə baza stansiyalarında lider mövqeyini qorumağa davam edir və HarmonyOS əməliyyat sistemi Çində böyük populyarlıq qazanıb. HarmonyOS, artıq iOS-u geridə qoyaraq yerli bazarda ən çox istifadə olunan əməliyyat sistemi olub.
Daha da diqqət çəkən bir yenilik isə Huawei-nin avtomobillər üçün xüsusi bir əməliyyat sistemi inkişaf etdirməsidir. Bu, nə Google, nə də Apple tərəfindən hələ həyata keçirilməyib. Huawei, öz avtomobillərini istehsal etməyə başlayaraq, texnologiya dünyasında yeni bir dövrün başlanğıcını qoyur.
Bu yeni addımlar, həm Toyota-nın avtomobil sənayesindəki mövqeyini gücləndirir, həm də Huawei-nin avtomobil istehsalı sahəsindəki iddialarını bir daha sübuta yetirir.