Azərbaycan Mərkəzi Bankının “Dayanıqlı maliyyə hesabatı”na əsasən, Azərbaycanın 2060-cı ilədək karbonsuzlaşdırma və dayanıqlılıq məqsədlərinə çatması üçün 75 milyard manat (diskontlaşdırılmış) həcmində investisiya tələb olunur.
Hesabata əsasən, bu investisiyalar əsasən enerji, nəqliyyat və sənayeləşmə sektorlarında karbon emissiyalarının azaldılmasına yönəldilməlidir. Azərbaycanın 2050-ci ilədək karbon neytralığına nail olmaq hədəfi çərçivəsində həyata keçiriləcək bu investisiyalar ölkənin iqtisadi dayanıqlılığını artırmaqla yanaşı, yaşıl və innovativ texnologiyaların tətbiqini də genişləndirəcək.
İqlim dəyişikliyinə adaptasiya çərçivəsində qoyulan investisiyalar su infrastrukturunun yaxşılaşdırılması, kənd təsərrüfatının iqlim dəyişikliyinə uyğunlaşdırılması və şəhər infrastrukturunun modernləşdirilməsi kimi sahələri əhatə edir.
Mütəxəssislər qeyd edirlər ki, bu həcmdə investisiyanın reallaşdırılması üçün həm dövlət, həm də özəl sektor sərmayələrinin cəlb edilməsi zəruridir. Bunun üçün dayanıqlı maliyyə bazarının inkişafı, yaşıl kreditlərin təşviqi və beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyyət daşıyır.