Aqrarkredit” BOKT-ya məxsus qeyri-yaşayış sahəsi iyunun 4-də hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) tərəfindən iyunun 4-də “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatına (BOKT) məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Artyom küçəsi, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satışı üzrə hərrac keçiriləcək.
Satışa çıxarılan obyekt “Aqrarkredit” BOKT-nın balansında olan və kredit təşkilatının fəaliyyətinin dayandırılması ilə bağlı mülkiyyət hüququ dövlətə keçmiş əmlakdır.
Hərrac tədbiri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında – Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında keçiriləcək. Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul ediləcək. Hərracda iştirak etmək istəyən şəxslər üçün satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı nəzərdə tutulub.
“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisi hesab olunur.
Təşkilatın fəaliyyəti çərçivəsində dövlətin iştirakı, Azərbaycan Prezidentinin 7 avqust 2009-cu il tarixli “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərmanı ilə müəyyənləşdirilib. Bu sənədə əsasən, Maliyyə Nazirliyi “Aqrarkredit” QSC-nin səhmdarı kimi çıxış edir.
“Aqrarkredit” QSC baş ofis və bir neçə bölgədə fəaliyyət göstərən cəmi 12 filialdan ibarətdir. Təşkilat əsasən kənd təsərrüfatı sektoruna xidmət göstərməyə yönəlib və bu sahədə kredit verilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi və digər maliyyə xidmətlərinin təklif edilməsi ilə məşğul olub.