Beynəlxalq Valyuta Fondu (BVF) İcraiyyə Şurası Azərbaycan Respublikası ilə 2025-ci il üzrə Məqalə IV çərçivəsində məsləhətləşmələri uğurla başa vurub.
GDP xəbər verir ki, fondun hazırladığı hesabata əsasən, Azərbaycan iqtisadiyyatının cari ildə 3,5% artım göstərəcəyi proqnozlaşdırılır.
Hesabatda qeyd edilir ki, bu artım tempinin nisbətən mülayim olması investisiyaların azalması və neft-qaz hasilatının sabit qalması ilə əlaqədardır. BVF-nin təhlillərinə görə, orta müddətdə iqtisadi artım ölkənin potensial səviyyəsinə uyğun olaraq 2,5% səviyyəsində sabitləşəcək.
İnflyasiya göstəricilərinə gəlincə, beynəlxalq enerji və qida qiymətləri sabit qaldığı təqdirdə, inflyasiyanın Azərbaycan Mərkəzi Bankının hədəflədiyi 4±2% diapazonu daxilində qalacağı gözlənilir.
BVF ekspertləri ölkənin orta müddətli xarici iqtisadi mövqeyinin neft-qaz hasilatının azalması səbəbindən zəifləyə biləcəyi barədə xəbərdarlıq ediblər. Hesabatda vurğulanır ki, iqtisadi proqnozdakı risklər ümumilikdə tarazlı qalsa da, xarici iqtisadi baxımdan müəyyənsizlik yüksəkdir.
Fondun analitikləri qlobal enerji bazarında baş verə biləcək dəyişikliklərin Azərbaycan iqtisadiyyatına təsirləri barədə də xəbərdarlıq ediblər. Belə ki, təchizatın artması və ya tələbin azalması səbəbindən neft və qaz qiymətlərinin düşməsi ölkənin iqtisadi artımına, xarici mövqeyinə və dövlət gəlirlərinə mənfi təsir göstərə bilər.