Uorren Baffettin “Berkshire Hathaway” holdinqi Yaponiya ticarət evlərinə — “soqo syoşa”ya yatırımlarını artırmağa davam edir.
Baffettin holdinqi Yaponiya ticarət evi Mitsui-də səsvermə hüququ verən səhm payını 10%-dən yuxarı qaldırıb və şirkətin səhmlər paketini daha da artırmaq imkanını nəzərdən keçirə bilər.
GDP xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, 2025-ci ilin mart ayına olan vəziyyətə əsasən, ABŞ şirkəti Mitsui-nin 9,82% səhmlərinə sahib idi.
Bu xəbərin ardından Mitsui səhmləri 22 sentyabr, bazar ertəsi Tokio birjasında 2,2% bahalaşıb. Digər yapon ticarət evlərinin — Mitsubishi, Itochu, Marubeni və Sumitomo — səhmləri də dəyər qazanıb.
Uorren Baffett ilk dəfə 2020-ci ildə beş ən böyük yapon ticarət evinə — “soqo syoşa”ya investisiya etdiyini açıqlamışdı. Əvvəlcə Berkshire Hathaway şirkətlərdəki payını 10%-dən aşağı səviyyədə saxlamağı planlaşdırırdı. Lakin daha sonra holdinq yapon ticarət evləri ilə investisiya həddinin 10%-dən yuxarı qaldırılması barədə razılığa gəldi. Bu ilin yazının sonunda isə Uorren Baffett holdinqinin yapon ticarət evlərinin səhmlərinə yatırımlarını ən azı 50 il saxlamağı planlaşdırdığını bəyan edib.

 
									 
					