İki gün davam edən toplantının ardından faiz qərarını açıqlayan Fed, faizini dəyişdirməyərək 4,25 – 4,50 faizlik aralıqda saxlayıb.
Bloomberg-in sorğusuna qatılan iqtisadçıların median gözləntisi də faiz aralığının 4,25 – 4,50 olaraq qorunması yönündə olub.
Fed rəsmiləri faizləri ardıcıl üçüncü dəfə sabit saxlayıblar, həm yüksək inflyasiya, həm də artan işsizlik riski gördüklərini vurğulayıblar.
Qərarın mətnində “İqtisadi vəziyyətlə bağlı qeyri-müəyyənlik daha da artıb. Komitə, ikili vəzifəsinin hər iki tərəfinə olan risklərə diqqət yetirir və daha yüksək işsizlik və daha yüksək inflyasiya risklərinin artdığını qiymətləndirir” ifadələri yer alıb.
Qərar yekdilliklə qəbul olunub.
İşsizlik hələ də aşağı və tələbin sabit olması səbəbindən Fed rəsmiləri, iqtisadiyyatın hara getdiyini daha yaxşı görə bilənə qədər faizləri dəyişdirməyəcəkləri siqnalını veriblər.
Qərar mətnində, xalis ixracatdakı dalğalanmaların məlumatlara təsir etdiyi bildirilmiş olsa da, son göstəricilərin iqtisadi fəaliyyətin güclü bir sürətlə genişləməyə davam etdiyini göstərdiyi ifadə edilib.
ABŞ prezidenti Donald Trump, son dövrlərdə Fed-dən faiz endirilməsi üçün tez-tez çağırış etsə də, mərkəzi bank rəsmiləri, ticarət siyasətlərinin ABŞ iqtisadiyyatı üzərindəki təsirlərinin daha dəqiq görülməsini gözləmək lazım olduğunu bildirmişdilər.
İdxal mallarına tətbiq olunan aqressiv gömrük vergiləri ABŞ-da istehlakçı etibarını zəiflədib, ailələr də istehlak qiymətlərində mümkün artım və iş gücü bazarının zəifləməsi riskinə hazırlıq görürlər.
Ancaq son məlumatlar göstərib ki, mart ayında inflyasiya yavaşlayıb, işsizlik nisbəti isə aprel ayında sabit qalıb.
Fed mart ayı toplantısını da qaçırıb, Prezident Jerome Powell pul siyasətində tənzimləmə üçün tələsik olmayacaqlarını bildirmişdi.
Qərar ilə birlikdə iqtisadi proqnozlar da yenilənib. 2025-ci il üçün artım proqnozu 2,1%-dən 1,7%-ə endirilib, əsas inflyasiya gözləntisi isə 2,5%-dən 2,8%-ə qaldırılıb.
Powell: Tariflər səbəbindən böyük qeyri-müəyyənlik var
Faiz qərarından sonra kameraların qarşısına keçən Fed rəhbəri Jerome Powell açıqlamalar verib. Powell işsizlik və inflyasiya risklərinin artdığını, iş gücü bazarının balansda olduğunu qeyd edib. İnflyasiyada eniş müşahidə edilsə də hələ də hədəfin üzərində olduğunu, bir çox göstəricinin 2%-lik hədəflə uyğun olduğunu vurğulayıb.
Powell ticarət, tənzimləmə və miqrasiya kimi məsələləri izlədiklərini, tariflərə görə çox böyük qeyri-müəyyənlik olduğunu qeyd edərək, “Tariflər mövzusu necə inkişaf edəcək, bunun inflyasiya və işsizlik üzərində təsirləri nə olacaq, bunlar sual işarəsidir. Tariflər bir qədər daha aydınlaşana qədər addım atmaq istəmirik. Qərar verməyin çətin olduğu bir prosesdəyik.” deyib.
O, “Açıqlanan böyük tarif artımları davam edərsə, inflyasiyada artıma, iqtisadi artımda yavaşlamaya və işsizlikdə artışa səbəb ola bilər,” şərhini əlavə edib.
Powell “Gözləmək və görmək üçün yaxşı bir mövqedəyik, tələsməyimizə ehtiyac yoxdur, iqtisadiyyatımız yaxşı vəziyyətdədir,” deyib.
“Trump’ın açıqlamaları bizim işimizin istiqamətinə təsir etmir”
Trump-ın faiz endirilməsi ilə bağlı çağırışlarına cavab olaraq Powell, “Trump-ın açıqlamaları bizim işimizin istiqamətinə təsir etmir. Biz əlimizdən gələn qədər vəzifələrimizi yerinə yetirməyə çalışacağıq, riskləri izləyəcəyik,” şərhini verib.
Powell, faizləri tənzimləmək üçün tələsmədiklərini bir daha təkrarlayıb.