Azərbaycan Beynəlxalq Bankı (ABB) 2024-cü il üzrə rekord məbləğdə – 200 milyon manat dividend ödənişi həyata keçirəcək.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatının təqdimatı zamanı keçirilən mətbuat konfransında bildirib ki, dividend məbləğinin 184 milyon manatı əsas səhmdar olan dövlətə, 16 milyon manatı isə digər səhmdarlara ödəniləcək.
“Bu, son illərin rekord dividend məbləğidir. Beləliklə, ABB-nin son illər ərzində dövlət büdcəsinə vergi, dividend və sosial ödənişlər şəklində ödədiyi vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq,” – deyə İbrahimov qeyd edib.
İdarə Heyətinin sədrinin sözlərinə görə, bu dividend ödənişi ilə ilk dəfə olaraq 30 mindən artıq vətəndaş ABB-nin gəlirlərindən öz qazanc payını alacaq.
Qeyd edək ki, qərar bankın Səhmdarlarının Ümumi Yığıncağı tərəfindən təsdiqlənib.