Mərkəzi Bank tərəfindən ilk dəfə olaraq bir banka investisiya xidmətlərinin göstərilməsi üçün müddətsiz lisenziya verilmişdir.
Bu məlumatı Mərkəzi Bankın Lisenziyalaşdırma və Qiymətli Kağızların Qeydiyyatı şöbəsinin rəhbəri Asaf Mammadov verib.
Məlumata görə, Lisenziyanı ilk alan bank ASC “Xalq” Bankı olmuşdur. Banklar Mərkəzi Bankdan lisenziya almaqla əsas və yardımçı investisiya xidmətlərini göstərə bilərlər. Əsas investisiya xidmətlərinə Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının buraxdığı qiymətli kağızlar və törəmə maliyyə alətləri ilə mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına əməliyyatlar aparılması daxildir.
Yardımçı investisiya xidmətlərinə isə Azərbaycan Respublikasının ərazisində ticarətə buraxılmış qiymətli kağızların hesabının idarə edilməsi, o cümlədən qiymətli kağızların və törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, mərkəzi depozitarın üzvü qismində müştərinin qiymətli kağızlarının saxlanması aiddir.