Dünya Bankının “Enterprise Surveys 2024” hesabatına əsasən, Azərbaycanda qeyri-rəsmi işgüzar fəaliyyətin səviyyəsi regional göstəricilərlə müqayisədə xeyli yüksəkdir.
GDP xəbər verir ki, təqdim olunan hesabat Azərbaycanda firmaların 82,6%-i qeyri-rəsmi firmalarla rəqabətə məruz qaldıqlarını bildirir. Bu göstərici Avropa və Mərkəzi Asiya ölkələrində 42,2%, Yuxarı Orta Gəlirli ölkələr qrupunda isə 28,1% təşkil edir.
Rəsmi qeydiyyatdan keçmiş firmaların faizində isə əks tendensiya müşahidə olunur. Azərbaycanda yalnız 16% firma öz fəaliyyətini tam qeydiyyatlı şəkildə həyata keçirdiyini bildirir ki, bu da Avropa və Mərkəzi Asiya ölkələrində 93,5%, Yuxarı Orta Gəlirli ölkələrdə isə 87,8% təşkil edir.
GDP xəbər verir ki, bu kəskin fərq qeyri-rəsmi sektorun Azərbaycan iqtisadiyyatında geniş yayılmasını və bununla bağlı yaranan problemləri aydın şəkildə nümayiş etdirir.
Qeyri-rəsmi sektorun yüksək səviyyədə olması bir sıra ciddi problemlər yaradır. Rəsmi qaydalara riayət edən və vergi ödəyən firmalar üçün ədalətsiz rəqabət şəraitinin yaranması ən əhəmiyyətli məsələlərdən biridir. Qeyri-rəsmi fəaliyyətlə məşğul olan şirkətlər əmək qanunvericiliyinə, ekoloji normalara və digər tənzimləyici tələblərə riayət etmədikləri üçün xərclərini əhəmiyyətli dərəcədə azalda bilərlər. Bu vəziyyət rəsmi sektorda fəaliyyət göstərən müəssisələrin inkişafını çətinləşdirir və ölkənin ümumi iqtisadi göstəricilərinə mənfi təsir göstərir.
Hesabatda qeyd olunur ki, qeyri-rəsmi iqtisadi fəaliyyətin geniş yayılması təkcə biznes mühitinin şəffaflığını pozmur, həm də dövlətin büdcə gəlirlərinin azalmasına səbəb olur. Bu problemlərin həlli üçün Dünya Bankı mütəxəssisləri biznes mühitinin şəffaflığının artırılmasını, qeydiyyat prosedurlarının sadələşdirilməsini və nəzarət mexanizmlərinin gücləndirilməsini tövsiyə edirlər. Bu tədbirlər həm rəsmi sektorun inkişafına, həm də ölkənin iqtisadi gücünün artırılmasına kömək edə bilər.