Azərbaycan Respublikasının Hesablama Palatasının “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və “2024-cü il dövlət büdcəsinin icrasına dair illik hesabat”a əsasən, büdcə sistemi ilə bağlı qanunvericilik aktlarında müəyyən uyğunsuzluqlar müşahidə olunur.
GDP xəbər verir ki, “Büdcə sistemi haqqında” Qanunun 1.1.31-2-ci maddəsində, Dövlət Neft Fondunun (DNF) dövlət büdcəsinə edilən transfertlər istisna olmaqla, xərclərinin icmal büdcənin xərclərinə daxil edildiyi göstərilir. Lakin qanunun 27.2-ci maddəsində Azərbaycan Respublikası Dövlət Neft Fondunun əməliyyat xərcləri və beynəlxalq banklarda və digər maliyyə institutlarında vəsaitin yerləşdirilməsi ilə bağlı xərclərin icmal büdcə xərclərindən istisna edildiyi vurğulanır.
Praktikada isə Dövlət Neft Fondunun transfertləri və idarəetmə xərcləri icmal büdcənin xərclərinə daxil edilmir. Məlumat üçün qeyd edək ki, 2023-cü ildə Dövlət Neft Fondunun idarəetmə ilə bağlı xərcləri 32,8 milyon manat təşkil edib, 2024-cü il üçün isə bu göstərici 38,3 milyon manat olaraq proqnozlaşdırılıb.