Unibank Mikromaliyyə Biznes İstiqamətinin genişləndirilməsi çərçivəsində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən 27-ci MFC (Microfinance Centre) İllik Konfransında iştirak edib.
Bu barədə Unibank-ın Baş Biznes İnzibatçısı İlkin Quliyev məlumat verib.
O bildirib ki, beynəlxalq maliyyə və mikromaliyyə icmasının aparıcı nümayəndələrini bir araya gətirən tədbirdə Unibank komandası bir sıra məhsuldar görüşlər keçirib. Konfrans çərçivəsində mikromaliyyə sektorunun gələcəyinə dair fikirlər mübadiləsi aparılıb və qlobal maliyyə qurumları və inkişaf fondları ilə əməkdaşlığın yeni imkanları araşdırılıb.
Unibank-ın Baş Biznes İnzibatçısı İlkin Quliyev tədbirin əhəmiyyəti ilə bağlı məlumat bildirib ki, bu konfransın nəticələri Azərbaycan iqtisadiyyatını dəstəkləmək üçün əlavə beynəlxalq maliyyə vəsaitlərinin cəlb edilməsinə kömək edəcək və mikromaliyyə istiqamətinin inklyuziv inkişafına töhfə verəcək.
MFC İllik Konfransı mikromaliyyə sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm platformalardan biri hesab edilir. Bu cür tədbirdə iştirak Unibank-ın beynəlxalq səviyyədə mikromaliyyə xidmətlərinin inkişafına verdiyi önəmin göstəricisidir.