Ölkənin ən iri maliyyə qurumlarından biri olan İpoteka Kredit Zəmanət Fondunun Baş meneceri Rasim Abdullayevin verdiyi məlumata görə, Fondun aktivləri 4,2 milyard manat, məcmu kapitalı isə 1,28 milyard manat təşkil edir.
2005-ci ildən fəaliyyət göstərən Fond, bu uzun tarixi dövr ərzində bütün illəri mənfəətlə başa vurub. Uzunmüddətli fəaliyyətinin nəticəsi olaraq, Fondun bu günə qədər yığdığı mənfəət (kapital ehtiyatları) 172,1 milyon manat həcmindədir.
Fondun istiqraz buraxılışı sahəsindəki fəaliyyəti də diqqət çəkir. Hazırda dövriyyədə olan Fond istiqrazlarının ümumi həcmi 2,382 milyard manat-dır. Fond, bu istiqrazlar üzrə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirir. 2009-cu ildən bu günə qədər istiqrazların ödənişləri üzrə 982,6 milyon manatdan çox məbləğ vaxtında ödənilib. Eyni dövr ərzində istiqraz sahiblərinə 312,8 milyon manat məbləğində faiz ödənişləri həyata keçirilib.
Rasim Abdullayev bu nəticələri Fondun maliyyə sabitliyinin, etibarlılığının və öhdəliklərinə məsuliyyətlə yanaşmasının açıq göstəricisi kimi qiymətləndirib. Fond, ölkə maliyyə sistemində aparıcı mövqeyini davam etdirir.