Son günlərdə sosial şəbəkələrdə “TuranBank” adından fəaliyyət göstərən saxta səhifə, nömrə və e-poçt ünvanları yaradılaraq, vətəndaşlara müəyyən ödəniş qarşılığında “girovsuz və zaminsiz kredit” təklif olunur.
Bankın bu barədə yayımladığı xəbərdarlıqda bildirilir ki, bu təkliflər dələduzluq məqsədi daşıyır və sözügedən bütün səhifə və nömrələr TuranBank-a məxsus deyil. Bu səhifələrdə edilən paylaşımların həqiqətlə əlaqəsi olmadığı qeyd olunur.
Mətbuat xidməti vətəndaşları xəbərdarlıq edir ki, heç bir şəraitdə şəxsi məlumatlarını, bank kartı məlumatlarını və ya təhlükəsizlik şifrələrini kənar şəxslərlə paylaşmasınlar. Bank əməkdaşlarının müştərilərdən bu cür məlumatları heç vaxt tələb etmədiyi bir daha vurğulanır.
TuranBank rəsmi açıqlamasında vətəndaşlara yalnız Bankın rəsmi informasiya kanallarında (rəsmi saytı və sosial şəbəkə səhifələri) yerləşdirilən məlumatlara etibar etməyi tövsiyə edir. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal Bankın Məlumat Mərkəzi ilə (012) 935 nömrəsi vasitəsilə əlaqə saxlanılmasını xahiş edir.

