AccessBank 2025-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb. 2024-cü ilin göstəriciləri ilə müqayisəli təhlil göstərir ki, bank 2025-ci ildə aktivlərini, kredit portfelini və kapital bazasını əhəmiyyətli dərəcədə genişləndirsə də, artan risk xərcləri, faiz xərclərinin sürətli yüksəlişi və əməliyyat xərclərinin böyüməsi fonunda xalis mənfəət azalaraq təzyiq altında qalıb.
GDP AccessBankın 2025-ci ilin maliyyə hesabatına istinadla xəbər verir ki, AccessBank-ın xalis mənfəəti 2024-cü ildəki 54 milyon 62 min manatdan 2025-ci ildə 49 milyon 52 min manata enib. Bu, 5 milyon 10 min manat və ya 9.27% azalma deməkdir. Yəni bank əməliyyat həcmini və bazar payını böyütsə də, artan risk və xərclər mənfəətin aşağı düşməsinə səbəb olub.
Ötən ilin sonuna AccessBank-ın cəmi aktivləri 1 milyard 770 milyon 369 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonu ilə müqayisədə 285 milyon 75 min manat və ya 19.19% artım deməkdir. Aktivlərdəki bu artım bankın bazarda inkişaf strategiyasını davam etdirdiyini göstərir. Aktiv strukturunda əsas artım müştərilərə verilmiş kreditlər hesabına formalaşıb. Belə ki, kredit portfelinin xalis həcmi 2024-cü ildəki 1 milyard 102 milyon 584 min manatdan 2025-ci ildə 1 milyard 275 milyon 637 min manata yüksələrək 173 milyon 53 min manat və ya 15.69% artıb.
AccessBankın kredit portfelinin strukturunda həm istehlak, həm də biznes kreditləri üzrə yüksəliş müşahidə olunub. İstehlak kreditləri 239 milyon 142 min manatdan 289 milyon 169 min manata qalxaraq 50 milyon 27 min manat və ya 20.92% artıb. AccessBankın 2025-ci il ərzində biznes kreditləri isə 901 milyon 880 min manatdan 1 milyard 22 milyon 870 min manata yüksəlib ki, bu da 120 milyon 990 min manat və ya 13.41% artım deməkdir. Bu dinamika AccessBank-ın mikro və kiçik sahibkarlıq seqmentində kreditləşməni aktiv şəkildə artırdığını və real sektorun maliyyələşdirilməsində rolunu gücləndirdiyini göstərir.
Gəlirlər tərəfində AccessBankın 2025-ci ilin maliyyə göstəriciləri müsbət dinamika nümayiş etdirib. 2025-ci ildə faiz gəlirləri 256 milyon 176 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 31 milyon 742 min manat və ya 14.15% artım deməkdir. Faiz gəlirlərinin əsas artım mənbəyi müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirləri olub. Kredit portfelinin böyüməsi bankın gəlir bazasını genişləndirsə də, bu artım xərclərin yüksəlişi fonunda kifayət qədər effektiv nəticə yaratmayıb.
AccessBankın 2025-ci ildə faiz xərcləri 2025-ci ildə 100 milyon 208 min manata yüksəlib və 2024-cü ilin 84 milyon 192 min manatlıq göstəricisi ilə müqayisədə 16 milyon 16 min manat və ya 19.02% artıb. Xüsusilə cəlb edilmiş kreditlər üzrə faiz xərclərinin 15 milyon 120 min manatdan 23 milyon 8 min manata yüksələrək 52.18% artması maliyyələşmə resurslarının əhəmiyyətli dərəcədə bahalaşdığını göstərir. Bu, bankın böyüməni təmin etmək üçün daha bahalı resurslardan istifadə etdiyini və bunun gəlirlilik marjasına mənfi təsir etdiyini ortaya qoyur.
AccessBankın 2025-ci il ərzində əməliyyat xərcləri də artan təzyiq mənbələrindən biri olub. Qeyri-faiz xərcləri 2025-ci ildə 98 milyon 178 min manat təşkil edib ki, bu da illik müqayisədə 10 milyon 376 min manat və ya 11.82% artım deməkdir. Əməkhaqqı və kompensasiya xərclərinin 17.44%, amortizasiya xərclərinin isə 19.26% artması bankın miqyasının genişlənməsi fonunda əməliyyat yükünün yüksəldiyini göstərir.
Lakin mənfəətə ən ciddi mənfi təsir göstərən amil kredit riskləri üzrə ehtiyat xərclərinin kəskin artımı olub. 2024-cü ildə 7 milyon 494 min manat olan mümkün zərərlər üçün yaradılan ehtiyatlar 2025-ci ildə 16 milyon 253 min manata yüksələrək 8 milyon 759 min manat və ya 116.9% artıb. Kredit portfelinin artımı fonunda risklərin daha ehtiyatlı qiymətləndirilməsi bankın mənfəətini birbaşa azaldan əsas faktor kimi çıxış edib.
Bununla yanaşı, AccessBankın kapital mövqeyi əhəmiyyətli dərəcədə güclənib. 2025-ci ildə məcmu kapital adekvatlığı 16.29%-ə, birinci dərəcəli kapital adekvatlığı isə 10.74%-ə yüksəlib. Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 14.77% və 8.15% idi. Leverec əmsalının 8.58%-ə çatması da bankın risklərə qarşı daha dayanıqlı kapital bazasına malik olduğunu göstərir.
Ümumilikdə, 2025-ci il AccessBank üçün miqyas baxımından böyümə ili olsa da, mənfəətlilik baxımından daha mürəkkəb və riskli il kimi yadda qalıb. Kreditləşmənin sürətli inkişafı bankın gələcək bazar mövqeyini gücləndirsə də, artan maliyyələşmə dəyəri və risk xərcləri növbəti dövrlərdə daha balanslı və ehtiyatlı strategiyanın vacibliyini ön plana çıxarır.
Müəllif: Aynur Qəniyeva

