Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biri olan “PAŞA Bank” ilə “PAŞA Kapital” (baş anderrayter qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb. GDP xəbər verir ki, sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir.
Razılaşmaya əsasən, investorlar “PAŞA Bank”ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər. Səhm alışının bütün mərhələləri – investisiya hesabının açılması, sifarişlərin verilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunması – tam şəkildə onlayn həyata keçiriləcək.
Səhmlərin bir neçə platforma üzərindən təklif edilməsi həm şəffaflığı təmin edir, həm də geniş investor auditoriyasının rahat və əlçatan çıxışını mümkün edir.




