Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunda ölkədə illik inflyasiyanın 5,9 faiz, 2027-ci ilin sonunda isə 4,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Hər iki göstəricinin Mərkəzi Bankın müəyyən etdiyi hədəf diapazonunda qalacağı gözlənilir.
GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkə iqtisadiyyatındakı mövcud vəziyyət, manatın məzənnəsi, inflyasiya, kredit faizləri, bank sektorunun dayanıqlılığı, kapital bazarları və rəqəmsallaşma ilə bağlı danışarkən bildirib.
Azərbaycanın valyuta ehtiyatları 85,8 milyard dollara yüksəlib
Taleh Kazımov bildirib ki, Azərbaycan iqtisadiyyatının qlobal iqtisadiyyata inteqrasiya səviyyəsi kifayət qədər yüksəkdir. Mal və xidmətlərin xarici ticarət dövriyyəsinin ümumi daxili məhsula nisbəti təxminən 80 faiz təşkil edir.
Onun sözlərinə görə, Yaxın Şərqdə davam edən geosiyasi proseslər enerji daşıyıcılarının qiymətlərinə, beynəlxalq təchizat zəncirlərinə və qlobal maliyyə bazarlarına təsir göstərir. Bu proseslərin Azərbaycan iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi nəticələri mövcuddur.
Enerji qiymətlərinin yüksəlməsi Azərbaycanın xarici valyuta gəlirlərini və strateji ehtiyatlarını artırır. 2026-cı ilin ilk altı ayının nəticələrinə əsasən, ölkənin strateji valyuta ehtiyatları 85,8 milyard ABŞ dollarına çatıb. Bu, ilin əvvəli ilə müqayisədə 700 milyon ABŞ dolları artım deməkdir.
Eyni zamanda, ilin ilk yarısında Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə 3,77 milyard ABŞ dolları həcmində transfert həyata keçirilib.
Mərkəzi Bankın hesablamalarına görə, mövcud neft hasilatı həcmləri nəzərə alınmaqla dünya bazarında neftin qiymətinin hər 10 ABŞ dolları yüksəlməsi Azərbaycan iqtisadiyyatına əlavə 1,2 milyard ABŞ dolları gəlir gətirir.
Təbii qazın hər 1000 kubmetrinin orta illik qiymətinin 50 ABŞ dolları artması isə ölkəyə təxminən 900 milyon ABŞ dolları əlavə gəlir qazandırır. Qiymətlərin azalması halında isə iqtisadi təsir eyni həcmdə, lakin əks istiqamətdə baş verir.
Neftin orta qiyməti ilə bağlı yeni proqnoz açıqlanıb
Mərkəzi Bankın may ayında hazırladığı proqnozlara əsasən, 2026-cı ildə bir barel neftin orta illik qiymətinin 84,5 ABŞ dolları, 2027-ci ildə isə 78 ABŞ dolları olacağı gözlənilir.
Təbii qazın hər 1000 kubmetrinin orta qiymətinin 2026-cı ildə 324 ABŞ dolları, 2027-ci ildə isə 290 ABŞ dolları səviyyəsində formalaşacağı proqnozlaşdırılır.
Taleh Kazımov qeyd edib ki, Mərkəzi Bankın yenilənmiş iyul proqnozları pul siyasətinə həsr olunacaq geniş mətbuat konfransında ictimaiyyətə təqdim ediləcək.
Mövcud proqnoza əsasən, Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2026-cı ilin sonunda 5,5 milyard ABŞ dolları təşkil edəcək. 2027-ci ildə isə profisitin 4–4,4 milyard ABŞ dolları ətrafında formalaşacağı gözlənilir.
Mərkəzi Bank hesab edir ki, regiondakı proseslərin Azərbaycan üçün əsas müsbət təsirlərindən biri cari əməliyyatlar balansında profisitin və strateji valyuta ehtiyatlarının artmasıdır.
Geosiyasi proseslərin yaratdığı yeni nəqliyyat marşrutlarının Azərbaycan üçün logistika və anbar təsərrüfatı sahəsində də əlavə imkanlar yaratdığı bildirilir. Ölkənin beynəlxalq logistika mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
“Azərbaycan inflyasiyanı əsasən idxal edir”
Mərkəzi Bankın sədri bildirib ki, enerji qiymətlərindəki artımın Azərbaycan iqtisadiyyatı üçün əsas mənfi nəticəsi inflyasiya təzyiqlərinin yüksəlməsidir.
Azərbaycanın idxal etdiyi mal və xidmətlərin böyük hissəsi enerji daşıyıcılarını idxal edən ölkələrdən alınır. Enerji qiymətləri yüksəldikdə həmin ölkələrdə istehsal və logistika xərcləri artır. Nəticədə xaricdə bahalaşan məhsullar Azərbaycan bazarına da daha yüksək qiymətlərlə daxil olur.
Taleh Kazımovun sözlərinə görə, son dörd ilin təhlilləri göstərir ki, Azərbaycanda inflyasiyaya artırıcı təsir göstərən əsas səbəblər tələb deyil, təklif amilləridir.
Təklif inflyasiyasının əsas kanallarından biri ticarət tərəfdaşlarında müşahidə olunan qiymət artımlarının idxal vasitəsilə Azərbaycana ötürülməsidir. Digər kanal isə yerli istehsalçıların xərc amillərinin yüksəlməsidir.
Elektrik enerjisi, qaz, su, yanacaq və digər tənzimlənən xidmətlərin qiymətlərində baş verən dəyişikliklər istehsal olunan məhsul və xidmətlərin maya dəyərinə təsir göstərir.
Büdcə xərcləri və kreditlərin inflyasiyaya təsiri aşağıdır
Mərkəzi Bankın hesablamalarına əsasən, dövlət büdcəsinin cari xərclərinin 10 faiz artması inflyasiyanı cəmi 0,29 faiz bəndi yüksəldir.
Bank sektorunun kredit portfelinin 10 faiz artmasının inflyasiyaya təsiri isə 0,12 faiz bəndi səviyyəsində qiymətləndirilir.
Bu göstəricilər Azərbaycanda tələb inflyasiyası riskinin hazırda yüksək olmadığını deməyə əsas verir. Mərkəzi Bankın yanaşmasına görə, inflyasiya daha çox xarici bazarlarda formalaşan qiymətlərdən və yerli istehsal xərclərindən təsirlənir.
Proqnozlara əsasən, 2026-cı ilin sonunda inflyasiya 5,9 faiz, 2027-ci ilin sonunda isə 4,5 faiz təşkil edəcək.
Sabit məzənnə rejimi davam etdiriləcək
Taleh Kazımov bildirib ki, Mərkəzi Bankın pul siyasətinin əsas lövbəri sabit məzənnə rejimidir. Azərbaycanda 2017-ci ildən sabit məzənnə siyasəti tətbiq olunur.
Mərkəzi Bankın uçot dərəcəsi isə pul siyasətinin dəstəkləyici aləti kimi çıxış edir. Son illərdə aparılan islahatlar nəticəsində uçot dərəcəsinin bankların depozit və kredit faizlərinə təsiri artıb.
Aparılan təhlillər göstərir ki, uçot dərəcəsinin 1 faiz bəndi artması və ya azalması fiziki şəxslərin depozit faizlərini üç ay ərzində orta hesabla 0,4 faiz bəndi eyni istiqamətdə dəyişir.
Mərkəzi Bank qarşıdakı illərdə də sabit məzənnə siyasətini davam etdirməyi planlaşdırır.
Valyuta bazarında təklif tələbi üstələyir
Mərkəzi Bankın sədrinin sözlərinə görə, son 18 ay ərzində Azərbaycanın valyuta bazarında xarici valyuta təklifi tələbdən yüksək olub.
2026-cı ilin ilk altı ayında Mərkəzi Bankın keçirdiyi valyuta hərraclarında 757 milyon ABŞ dolları satılıb.
Müqayisə üçün, 2025-ci ilin eyni dövründə valyuta satışları 2,7 milyard ABŞ dolları, 2024-cü ilin ilk yarısında isə 3,5 milyard ABŞ dolları təşkil etmişdi.
Beləliklə, valyuta hərraclarında satılan dolların həcmi son iki ildə əhəmiyyətli dərəcədə azalıb. Bu isə daxili valyuta bazarında təklifin güclü olduğunu göstərir.
Taleh Kazımov qeyd edib ki, neftin bir barelinin orta illik qiyməti 45 ABŞ dolları olduğu halda belə Azərbaycanın cari əməliyyatlar balansı profisitli olaraq qalır.
Dövlət büdcəsində neftin orta illik qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mərkəzi Bankın hesablamalarına əsasən, neftin qiymətində hər 10 ABŞ dolları dəyişiklik icmal büdcənin gəlirlərinə təxminən 1,4 milyard manat təsir göstərir.
Mərkəzi Bank hesab edir ki, mənfi qiymət ssenarisi yarandığı halda bəzi xərclərin azaldılması və ya investisiya layihələrinin növbəti dövrə keçirilməsi hesabına potensial təsirləri idarə etmək mümkündür.
“Məzənnənin dəyişməsi üçün fundamental əsas yoxdur”
Taleh Kazımov sosial şəbəkələrdə manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı yayılan əsassız məlumatlara da münasibət bildirib.
Onun sözlərinə görə, bu cür iddiaların heç bir fundamental iqtisadi əsası yoxdur. Lakin əsassız məlumatlar əhali və biznesin gözləntilərinə təsir göstərərək valyuta bazarında qısamüddətli tələb yarada bilər.
Mərkəzi Bankın sədri vətəndaşları valyuta ilə bağlı qərar verməzdən əvvəl real iqtisadi göstəriciləri və rəsmi məlumatları nəzərə almağa çağırıb.
Bildirilib ki, Mərkəzi Bankın əsas mandatları qiymət sabitliyinin, makroiqtisadi sabitliyin və maliyyə sektorunun dayanıqlılığının təmin edilməsidir. Hazırkı şəraitdə sabit məzənnə rejimi bu məqsədlərə uyğun hesab olunur.
Maliyyə sektorunun 95 faizi bankların payına düşür
Azərbaycanda maliyyə sisteminin əsas hissəsini bank sektoru təşkil edir. Hazırda maliyyə sektorunun təxminən 95 faizi bankların payına düşür.
Son dörd il ərzində bank sektorunda beynəlxalq təcrübəyə əsaslanan yeni korporativ idarəetmə tələbləri tətbiq olunub, risk əsaslı nəzarət sistemi formalaşdırılıb, likvidlik göstəriciləri yenilənib və “Basel III” standartlarına uyğun kapital tələbləri tətbiq edilib.
Kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində də tələblər gücləndirilib.
Taleh Kazımov qeyd edib ki, 2024-cü ildə Azərbaycanın suveren kredit reytinqinin investisiya səviyyəsinə yüksəlməsində iqtisadi və fiskal dayanıqlıqla yanaşı, pul siyasəti və bank sektorunda aparılan islahatlar da mühüm rol oynayıb.
Dünya Bankının “Business Ready” hesabatının maliyyə xidmətləri istiqamətində Azərbaycan 101 ölkə arasında ən yüksək nəticələrdən birini əldə edib.
“S&P Global Ratings” agentliyinin bank sektorunun ölkə risklərini qiymətləndirən BICRA sistemində Azərbaycan 2023-cü ildə 9-cu qrupda olduğu halda, 2026-cı ildə 7-ci qrupa yüksəlib.
Banklar 10–15 milyon manatadək girovsuz biznes krediti verə bilər
Mərkəzi Bankın sədri biznes kreditləri üzrə prudensial tələblərin sərt olması ilə bağlı səsləndirilən fikirlərlə razılaşmadığını bildirib.
Onun sözlərinə görə, istehlak kreditləri sahəsində tənzimləmə kifayət qədər sərt olsa da, biznes kreditləri üzrə daha yumşaq yanaşma tətbiq edilir.
Mərkəzi Bankın biznes kreditlərində girovla bağlı ümumi məcburi tələbi yoxdur. Yalnız bankın məcmu kapitalının 10 faizindən artıq həcmdə bir borcalana verilən kreditlər üzrə təminat tələb olunur.
Sistem əhəmiyyətli banklar istisna olmaqla, orta ölçülü bankların bir borcalana təxminən 10–15 milyon manatadək girovsuz kredit vermək imkanına malik olduğu bildirilib.
Məcmu kapitalın 10 faizindən artıq olan kreditlərdə isə təminatın dəyərinin kredit məbləğinin ən azı 150 faizinə bərabər olması tələb edilir.
Kredit faizləri niyə yüksəkdir?
Taleh Kazımov bildirib ki, kredit faizləri ilk növbədə bankların cəlb etdiyi vəsaitlərin maya dəyəri əsasında formalaşır.
Bankların əhali və biznesdən cəlb etdiyi manat vəsaitlərinin orta qiyməti hazırda təxminən 9 faiz təşkil edir.
Banklar bu göstəricinin üzərinə əməliyyat xərclərini, borcalanın krediti qaytarmamaq riskini və mənfəət marjasını əlavə edirlər. Nəticədə kredit faizləri ikirəqəmli səviyyədə formalaşır.
Mərkəzi Bank kredit faizlərini inzibati qaydada müəyyən etmir. Faizlər bazarda tələb, təklif, risk və rəqabət əsasında formalaşır.
Mərkəzi Bankın təhlilləri göstərir ki, kredit faizlərində 1–4 faiz bəndi dəyişiklik kreditləşmənin ümumi sürətinə ciddi təsir göstərmir. Lakin faizlərin 5–10 faiz bəndi dəyişməsi kredit tələbinə daha böyük təsir edə bilər.
2025-ci ilin iyulunda kredit faizlərinin təxminən 19 faizə yüksəlməsinə baxmayaraq, həmin il kiçik və orta sahibkarlıq subyektlərinə verilmiş kreditlərin həcmi 18 faiz artıb.
Maaş və pensiya kartları üzrə yeni yanaşmalar tətbiq ediləcək
Mərkəzi Bankın sədri bank sektorunda əsas çağırışlardan birinin təmərküzləşmə olduğunu bildirib.
Sektorda dominant bankların mövcudluğu onların faiz siyasətinin bütün bazara təsir etməsinə səbəb olur. Buna görə də banklar arasında rəqabətin artırılması Mərkəzi Bankın əsas prioritetlərindən biridir.
Sentyabr-oktyabr aylarında maaş və pensiya kartları üzrə yeni yanaşmaların tətbiqi planlaşdırılır. Hazırda bununla bağlı texniki işlər aparılır.
Yeni mexanizmlərin bank sektorunda rəqabəti artıracağı və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcəyi gözlənilir.
Sığorta yığımları 1,5 milyard manata çatıb
Son dörd ildə Azərbaycanda sığorta yığımlarının həcmi 80 faiz artaraq 1,5 milyard manata çatıb.
Sığorta sektoru təxminən 1 milyard manat vəsaiti qiymətli kağızlara, xüsusilə istiqrazlara investisiya edib. Bundan əlavə, sektordan təxminən 700 milyon manat bank sisteminin likvidliyinin təmin edilməsinə yönəldilib.
Mərkəzi Bank son illərdə icbari sığorta növlərinin əhali üçün daha effektiv və əlçatan olması istiqamətində dəyişikliklər hazırlayıb.
Daşınmaz əmlakın icbari sığortası üzrə hazırlanan dəyişikliklər aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim olunub.
Növbəti mərhələdə könüllü sığorta növlərinin inkişafı və təşviqi əsas istiqamətlərdən biri olacaq.
Aktiv investorların sayı 50 mini keçib
Kapital bazarlarının inkişafı istiqamətində yeni qanunvericilik paketinin hazırlandığı açıqlanıb.
Hazırda “Qiymətli kağızlar haqqında” qanunun əvəzinə daha geniş tənzimləmə imkanlarını nəzərdə tutan “Kapital bazarları haqqında” yeni qanun layihəsi üzərində iş aparılır. Qanunvericilik paketinin sentyabr ayında aidiyyəti dövlət qurumlarının razılaşdırılmasına göndərilməsi planlaşdırılır.
Kapital bazarı infrastrukturu çərçivəsində investisiya şirkətlərinin, Milli Depozit Mərkəzinin və Bakı Fond Birjasının fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Azərbaycanda son iki ildə iki ilkin kütləvi səhm yerləşdirilməsi həyata keçirilib. 2024-cü ildə Azərbaycan Beynəlxalq Bankının, 2026-cı ildə isə PAŞA Bankın səhmləri investorlara təklif olunub.
Bu yerləşdirmələr nəticəsində Milli Depozit Mərkəzində aktiv investorların sayı 2023-cü ilin sonundakı təxminən 1000 nəfərdən 50 mindən çox şəxsə yüksəlib.
Beləliklə, aktiv investorların sayı 50 dəfədən çox artıb. Bu artım əhalinin kapital bazarlarına marağının və inamının güclənməsinin göstəricisi kimi qiymətləndirilir.
Unikal əmanətçilərin sayı iki dəfə artıb
2023-cü ilin sonunda Azərbaycanda banklarda təxminən 114 min unikal əmanətçi mövcud idi. Aparılan islahatlardan sonra bu göstərici təxminən iki dəfə artaraq 220 minə çatıb.
Artımın 75 faizini məbləği 30 min manatadək olan əmanətlər təşkil edir. Bu isə daha geniş əhali qruplarının bank sektorunda yığım imkanlarından istifadə etməyə başladığını göstərir.
Mərkəzi Bank hesab edir ki, vətəndaşlar əvvəlcə vəsaitlərini bank depozitlərində yerləşdirir, daha sonra isə alternativ gəlir və investisiya alətləri axtararaq kapital bazarlarına daxil olurlar.
Virtual aktivlərlə bağlı qanun layihəsi təqdim olunub
Mərkəzi Bank maliyyə sektorunun rəqəmsallaşdırılmasını əsas strateji istiqamətlərdən biri hesab edir.
Bank sektorunda xidmətlərin böyük hissəsi artıq rəqəmsal kanallar vasitəsilə təqdim olunur. Rəqəmsallaşmanın inkişafı üçün texnologiya və insan kapitalı ilə yanaşı, dövlət və özəl məlumat bazalarına əlçatan çıxışın təmin edilməsinin vacibliyi vurğulanıb.
Xüsusi tənzimləmə rejimi çərçivəsində son iki ildə Mərkəzi Banka 35 müraciət daxil olub. Hazırda yeddi innovativ maliyyə ideyasının sınaqları davam etdirilir.
Virtual aktivlərlə bağlı qanunvericilik paketi təsdiqlənməsi üçün təqdim olunub. Qanundan irəli gələcək normativ tənzimləmələrin növbəti altı ay ərzində hazırlanması nəzərdə tutulur.
Mərkəzi Bank “stablecoin”lərə fokuslanacaq
Rəqəmsal manat layihəsinə toxunan Taleh Kazımov bildirib ki, dünyanın müxtəlif ölkələrində mərkəzi bankların rəqəmsal valyutaları üzrə pilot layihələr həyata keçirilsə də, genişmiqyaslı tətbiq nümunələri hələ məhduddur.
Azərbaycan Mərkəzi Bankı bu sahədə beynəlxalq təcrübəni izləməyə davam edəcək və 2027-ci ildə araşdırmaları daha da dərinləşdirəcək.
Mərkəzi Bankın yaxın dövrdə daha çox “stablecoin”lərin tənzimlənməsi və istifadəsi imkanlarına fokuslanacağı gözlənilir.
Elektron ödənişlərin payı 94 faizə çatıb
Azərbaycanda bank hesabları üzərindən həyata keçirilən ödənişlərin 94 faizi elektron bankçılıq vasitəsilə aparılıb.
Yerli bazarda ödəniş kartları ilə həyata keçirilmiş əməliyyatların da 94 faizi nağdsız formada baş tutub.
Mərkəzi Bankın əsas məqsədlərindən biri ölkədaxili ödənişlərin böyük hissəsinin Ani Ödənişlər Sisteminə keçirilməsidir. Bu sistem həm fiziki, həm də hüquqi şəxslər arasında hesablaşmaların günün istənilən vaxtında dərhal həyata keçirilməsinə imkan verir.
Yeni maliyyə strategiyası hazırlanır
2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyasının icrası bu il başa çatır.
Strategiyanın 2025-ci il üzrə icra səviyyəsi 85–85,6 faiz təşkil edib. Mərkəzi Bank cari ildə qalan hədəflərin böyük hissəsinə nail olunacağını gözləyir.
Eyni zamanda, 2027–2030-cu illəri əhatə edəcək yeni Maliyyə Sektorunun İnkişaf Strategiyasının hazırlanmasına başlanılıb.
Yeni strategiyanın əsas məqsədi maliyyə sektorunun dayanıqlılığının təmin edilməsi, maliyyə xidmətlərinin genişləndirilməsi, rəqabətin artırılması, kapital və sığorta bazarlarının inkişaf etdirilməsi, həmçinin rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi olacaq.
Strategiyanın bütün əsaslandırmaları və hədəfləri ilə birlikdə 2027-ci ilin birinci rübündə ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.

