Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin avqust ayı üzrə bank müştərilərinin bank xidmətlərindən istifadəsi ilə bağlı şikayət indeksini açıqlayıb.
GDP xəbər verir ki, açıqlanan məlumatlara əsasən, avqust ayında ən yüksək şikayət indeksi Yelo Bank ASC-də qeydə alınıb. Bankın şikayət indeksi 2,51 təşkil edib. Sonrakı yerlərdə 1,93 göstərici ilə TuranBank ASC, 1,71 göstərici ilə Yapı Kredi Bank Azərbaycan QSC və 1,64 göstərici ilə Unibank ASC qərarlaşıb.
Expressbank ASC üzrə şikayət indeksi 1,18, Bank of Baku ASC üzrə 1,16, Bank Respublika ASC üzrə 1,07, Kapital Bank ASC üzrə isə 1,02 təşkil edib. AccessBank QSC-də bu göstərici 0,86, Azər-Türk Bank ASC-də 0,84, Azərbaycan Beynəlxalq Bankı ASC-də 0,83, Rabitəbank ASC-də isə 0,75 olub.
Daha aşağı şikayət indeksi Xalq Bank ASC-də 0,59, PAŞA Bank ASC və AFB Bank ASC-də 0,47 səviyyəsində qeydə alınıb. Siyahıda ən aşağı göstərici isə 0,24 indekslə Bank VTB Azərbaycan ASC-yə məxsus olub.
Mərkəzi Bankın məlumatına görə, göstəricilər banklar üzrə daxil olan şikayətlərin sayı və müştəri bazası nəzərə alınmaqla aylıq əsasda hesablanır. Qurum qeyd edib ki, şikayət indeksi bankların maliyyə dayanıqlılığı və ya fəaliyyətinin davamlılığı ilə bağlı təhlükəni ifadə etmir. Cədvəldə yer almayan banklarla bağlı isə avqust ayı ərzində Mərkəzi Banka şikayət daxil olmayıb.

