Azərbaycanın dövlət banklarından biri olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinə yeni üzv seçilməsi barədə qərar qəbul edilib.
GDP xəbər verir ki, bankın təcrübəli menecerlərindən Nərgizxanım Aqşin qızı Biləndərli ABB-nin İdarə Heyətinə üzv təyin edilib.
Məlumata görə. Nərgizxanım Biləndərli bank sektorunda uzun illər ərzində qazandığı geniş təcrübəsi ilə tanınır. O, karyerasına 1996-cı ildə həmin bankda (ABB) Müştəri Xidməti üzrə mütəxəssis kimi başlayıb. Sonrakı illərdə “Bank of Baku” ASC-də Müştəri Xidməti Meneceri, “Bank Standard” ASC-də isə filial rəhbərindən başlayaraq, müştəri xidməti üzrə rəhbər vəzifəsinə qədər yüksəlmişdir. 2014-2016-cı illərdə həmin bankın İcraçı direktor müavini vəzifəsində çalışıb.
2017-2018-ci illərdə “Bank VTB (Azərbaycan)” ASC-də Risklər İdarəetmə Departamentinin rəhbəri olan Biləndərli, 2018-ci ilin iyulundan yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) çalışır və hal-hazırda bankın Menecment Direktorudur.
Nərgizxanım Biləndərli Azərbaycan Dövlət İqtisad Universitetini (indiki UNEC) “Kredit və maliyyə” ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, həmçinin Bakı Slavyan Universitetində də təhsil alıb.

