Ölkənin aparıcı banklarından biri olan Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbər heyəti uzunmüddətli tərəfdaşı Veysəloğlu Şirkətlər Qrupunu (VŞQ) səfər edib.
Tərəflər arasında VŞQ-nin Mərkəz ofisində baş tutan görüşdə ABB tərəfdən İdarə Heyətinin sədri Abbas İbrahimov, Korporativ və KOS Satış ofisinin rəhbəri Ülvi Qasımov və ofisin direktor müavini Taleh Abbasov iştirak ediblər. Veysəloğlu Şirkətlər Qrupunu isə təsisçi və Baş icraçı direktor Aydın Talıbov, Qrup CEO-nun Maliyyə və İnzibati İdarəetmə üzrə müavini Kenul Karimova, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natavan İbrahimova və digər rəhbərlər qarşılayıblar.
Görüş səmimi və işgüzar atmosferdə baş tutub. Tərəflər qarşılıqlı fəaliyyət istiqamətləri, son dövr ərzində əldə edilən nailiyyətlər və gələcək inkişaf planları barədə fikir mübadiləsi aparıblar. Danışıqlar zamanı ABB ilə Veysəloğlu Şirkətlər Qrupu arasında qurulmuş uzunmüddətli və etimada əsaslanan əməkdaşlığın daha da dərinləşdirilməsi və gücləndirilməsi zərurəti xüsusi ilə vurğulanıb.