ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov GDP eksklüziv açıqlamasında Özbəkistan bank bazarına daxil olmaq üçün araşdırmaların davam etdiyini bildirib.
İbrahimovun sözlərinə görə, bank Özbəkistan bazarında bir neçə istiqamətdə fəaliyyət planı üzərində işləyir. İlkin mərhələdə bazarın hərtərəfli təhlili aparılır ki, bu əsasda bankın həmin bazarda iştirakının məqsədəuyğunluğu müəyyənləşdirilsin. “Əgər Özbəkistan bazarına daxil olsaq, filial kimi deyil, tam hüquqlu bank kimi fəaliyyət göstərmək niyyətindəyik”, – deyə ABB rəhbəri vurğulayıb.
Bank rəhbəri qeyd edib ki, bazara daxil olmağın üç əsas ssenarisini nəzərdən keçirirlər: yerli bankın əsas səhmdarlarından birinə çevrilmək – mövcud bankın alışını həyata keçirmək, sıfırdan yeni bank qurmaq və ya fintech şirkəti kimi başlayıb, sonradan tam hüquqlu banka çevrilmək. “Hazırda bu proses ilkin mərhələdədir. Hər hansı bir ölkənin bazarına daxil olmaq kifayət qədər dərin araşdırmalar tələb edir. Bizim strateji inkişaf planına uyğunluğu tədqiq edilir və sonra qərar veriləcək”, – deyə İbrahimov bildirib.
Qeyd edək ki, Özbəkistan bank bazarına giriş ABB-nin beynəlxalq inkişaf istiqamətində əhəmiyyətli addımı ola bilər.