ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib ki, şirkətin yüksək potensiallı qadın əməkdaşları üçün təşkil etdiyi 6 aylıq “Women in Leadership” (Liderlikdə Qadınlar) proqramını ilk 30 iştirakçı uğurla başa vurub.
Məzuniyyət mərasimində çıxış edən Abbas İbrahimov qeyd edib ki, müxtəlifliyin, o cümlədən qadınlara rəhbər vəzifələrdə təmsilçilik imkanlarının genişləndirilməsi şirkətlərin performansına müsbət təsir göstərir.
“Sektorun ən yaxşı işəgötürəni olmaq məqsədimizə sadiq qalaraq, yüksək potensiallı qadınların gələcəyin liderləri kimi hazırlanması ABB üçün prioritetdir. Bu proqramın ilk məzunlarını təbrik edirəm” – deyə İbrahimov vurğulayıb.
Tədbirdə iştirakçılar öz hekayələrini bölüşərək, proqramın karyera və şəxsi inkişaflarına töhfəsini qiymətləndiriblər. Onların bu cür inkişaf imkanlarına yüksək marağı şirkəti gələcəkdə də oxşar layihələri davam etdirməyə ruhlandırır.
ABB rəhbərliyi məzunları bir daha təbrik edərək, onlara fərdi inkişaf və karyera pillələrində yeni uğurlar arzulayıb.