ABŞ fond bazarında son illərin ən böyük birgünlük satış dalğalarından biri yaşanıb. İnvestorların artan ticarət gərginliyi və yeni tariflərlə bağlı narahatlıqları fonunda bazardan ümumilikdə 1,1 trilyon ABŞ dolları həcmində bazar kapitallaşması silinib.
GDP xəbər verir ki,satış təzyiqi nəticəsində S&P 500, Nasdaq və Dow Jones indeksləri orta hesabla 2-3 faiz geriləyib. Mütəxəssislərin fikrincə, itkilər yalnız müəyyən sahələri deyil, iqtisadiyyatın əksər sektorlarını əhatə edib. Texnologiya, sənaye, maliyyə və enerji şirkətlərinin səhmlərində genişmiqyaslı ucuzlaşma müşahidə olunub.
Analitiklər qeyd edirlər ki, investorlar qlobal iqtisadi artım tempinin zəifləməsi, resessiya risklərinin yüksəlməsi və ticarət siyasətinin daha da sərtləşdirilməsi ehtimalını qiymətləndirərək daha təhlükəsiz aktivlərə üstünlük verməyə başlayıblar. Bu səbəbdən bazarda riskli aktivlərdən çıxış tendensiyası güclənib.
Ekspertlərin sözlərinə görə, ABŞ fond bazarında müşahidə olunan mənfi dinamika digər maliyyə bazarlarına da təsir göstərə bilər. Xüsusilə texnologiya səhmləri ilə yüksək korrelyasiyaya malik olan kriptovalyuta bazarında da satış təzyiqinin artması ehtimal olunur.
Bazar iştirakçıları yaxın günlərdə ABŞ-ın ticarət siyasəti ilə bağlı açıqlamaları və makroiqtisadi göstəriciləri diqqətlə izləyəcəklər. Bu amillər fond bazarlarında növbəti istiqamətin müəyyənləşməsində əsas rol oynaya bilər. :::

