ABŞ-ın Müharibə Nazirinin sənaye bazası üzrə köməkçisi Maykl Kadenatssi ölkənin strateji minerallar üzrə idxaldan asılılığının təhlükəli həddə çatdığını açıqlayıb.
Senatdakı çıxışı zamanı Kadenatssi bildirib ki, ABŞ təxminən 25 kritik əhəmiyyətli mineral üzrə 90 faizdən çox, 50-dən çox mineral üzrə isə 50 faizdən çox idxaldan asılıdır. Bu minerallar müdafiə sənayesi, yüksək texnologiyalar və enerji sektoru üçün həyati əhəmiyyət daşıyır.
Rəsmin sözlərinə görə, ən böyük risk Çin faktoru ilə bağlıdır. Həmin materialların emalı üzrə dünya gücünün əhəmiyyətli, bir sıra hallarda isə dominant hissəsi məhz Çində cəmləşib. Kadenatssi vurğulayıb ki, Pekin artıq təchizat zəncirləri üzərində nəzarəti təzyiq aləti kimi istifadə etməyə hazır olduğunu nümayiş etdirib.
Ekspertlər bu asılılığın ABŞ-ın milli təhlükəsizliyinə və iqtisadi sabitliyinə potensial təhdid yaratdığını qeyd edirlər. Analitiklərə görə, Vaşinqton bu sahədə alternativ təchizat mənbələri axtarmağa və yerli emal sənayesini inkişaf etdirməyə məcburdur.
ABŞ rəsmisi çıxışı zamanı konkrim tədbirlər barədə məlumat verməsə də, bu açıqlama strateji resurslar sahəsində geosiyasi rəqabətin getdikcə kəskinləşdiyini bir daha göstərir.

