ABŞ administrasiyası çəkisi 1 kiloqram və 100 unsiya olan qızıl külçələrin idxalına, o cümlədən İsveçrədən gətirilənlərə 39%-lik gömrük rüsumu tətbiq edib.
Bloomberg yazır ki, bu qərar qlobal qiymətli metallar bazarında gərginlik yaradaraq ticarət axınlarını poza bilər.
ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti təsdiqləyib ki, belə külçələr də tariflərə daxildir. Nəticədə, Nyu-Yorkda qızıl fyuçerslərinin qiyməti rekord həddə yüksəlib – London spot qiymətlərindən unsiya başına 100 dollardan çox fərqlə satılıb.
Asiyadakı iri qızıl təmizləmə zavodları vəziyyət aydınlaşana qədər ABŞ-a göndərişləri dayandırıblar. Analitiklər xəbərdarlıq edir ki, bu addım İsveçrə, London və Honq Konq kimi əsas ticarət və emal mərkəzlərindən qlobal axınlara təsir göstərə bilər.
İsveçrənin ABŞ-a qızıl ixracı ilin əvvəlində kəskin artaraq iki ölkə arasında ticarət kəsirini böyüdüb. 1 kiloqramlıq külçələr Comex birjasında ən geniş yayılmış formatdır və İsveçrə ixracının əsas hissəsini təşkil edir. Yeni tariflər İsveçrə üçün inkişaf etmiş ölkələr arasında ən yüksək səviyyədə müəyyən edilib.