AFB Bankın 2025-ci il yekun maliyyə nəticələrinin təhlili göstərir ki, bank balans miqyasını və kredit portfelini sürətlə böyütsə də, faiz marjasının zəifləməsi və əməliyyat xərclərinin artması fonunda mənfəət artımı əsasən ehtiyatlar xəttindəki müsbət effekt hesabına formalaşıb.
GDP xəbər verir ki,AFB Bankın 2025-ci ildə dövr üzrə xalis mənfəəti 2 milyon 263 min manat təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınmış 2 milyon 127 min manatlıq göstərici ilə müqayisədə 136 min manat və ya 6,4% artım deməkdir. Xalis mənfəətdə bu müsbət dinamika bankın əsas əməliyyat gəlirlərinin sabit qalmasından çox, risk və ehtiyat xərclərinin azalması ilə bağlı olub.
Faiz gəlirlərinə nəzər saldıqda görünür ki, AFB Bankda 2025-ci ildə faiz gəlirləri 17 milyon 247 min manata yüksəlib, halbuki 2024-cü ildə bu göstərici 16 milyon 973 min manat idi və nəticədə faiz gəlirləri 274 min manat və ya 1,62% artıb. Faiz gəlirlərinin strukturunda əsas artım müştərilərə verilmiş kreditlərdən əldə olunan gəlirlər hesabına formalaşıb: bu xətt üzrə faiz gəliri 2024-cü ildəki 13 milyon 219 min manatdan 2025-ci ildə 15 milyon 26 min manata yüksələrək 1 milyon 807 min manat və ya 13,67% artıb.
Bunun əksinə olaraq, banklar və digər maliyyə institutlarındakı depozitlərdən əldə olunan faiz gəlirləri 1 milyon 611 min manatdan 1 milyon 28 min manata düşüb ki, bu da 583 min manat və ya 36,21% azalma deməkdir. Ticarət və investisiya qiymətli kağızlarından faiz gəlirləri isə 1 milyon 672 min manatdan 778 min manata enərək 894 min manat və ya 53,45% azalıb ki, bu da AFB Bankın 2025-ci ildə qiymətli kağızlar portfelini kəskin azaltması ilə birbaşa bağlıdır.
Faiz xərclərində isə daha kəskin artım müşahidə olunub. Belə ki, AFB Bankın faiz xərcləri 2024-cü ildə 4 milyon 295 min manat olduğu halda, 2025-ci ildə 5 milyon 514 min manata yüksələrək 1 milyon 219 min manat və ya 28,38% artıb. Bu artımın əsas səbəbi depozitlər üzrə ödənilən faizlərin 2 milyon 695 min manatdan 3 milyon 332 min manata qalxması, yəni 638 min manat və ya 23,66% artması, həmçinin cəlb edilmiş kreditlər üzrə faiz xərclərinin 1 milyon 538 min manatdan 2 milyon 181 min manata yüksəlməsi, yəni 643 min manat və ya 41,83% artmasıdır. Nəticədə AFB Bankda xalis faiz gəliri 2024-cü ildəki 12 milyon 678 min manatdan 2025-ci ildə 11 milyon 734 min manata düşüb və 944 min manat və ya 7,45% azalıb ki, bu da bankın faiz marjasının zəiflədiyini açıq şəkildə göstərir.
Qeyri-faiz gəlirləri üzrə AFB Bank 2025-ci ildə 6 milyon 872 min manat gəlir əldə edib, bu da 2024-cü ildəki 6 milyon 559 min manatla müqayisədə 313 min manat və ya 4,78% artım deməkdir. Haqq və komissiya gəlirləri 5 milyon 125 min manatdan 5 milyon 357 min manata yüksələrək 232 min manat və ya 4,53% artıb. Xarici valyuta əməliyyatlarından gəlirlər 1 milyon 155 min manatdan 1 milyon 135 min manata enərək 20 min manat və ya 1,73% azalıb. Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən əldə olunan gəlirlər isə 4,7 min manatdan 81 min manata yüksələrək nominal olaraq 76 min manat, faiz ifadəsində isə 1 639% artım göstərib ki, bu da aşağı baza effektinin nəticəsidir.
Bununla yanaşı, qeyri-faiz xərcləri AFB Bank üçün 2025-ci ildə ciddi yük yaradıb. Belə ki, qeyri-faiz xərcləri 2024-cü ildə 15 milyon 192 min manat olduğu halda, 2025-ci ildə 17 milyon 557 min manata yüksəlib və 2 milyon 365 min manat və ya 15,57% artıb. Əməkhaqqı və kompensasiya xərcləri 5 milyon 759 min manatdan 7 milyon 636 min manata qalxaraq 1 milyon 877 min manat və ya 32,59% artım göstərib. Ümumi və inzibati xərclər 3 milyon 935 min manatdan 4 milyon 195 min manata yüksələrək 261 min manat və ya 6,63% artıb, amortizasiya xərcləri isə 1 milyon 403 min manatdan 1 milyon 463 min manata qalxaraq 60 min manat və ya 4,24% artım nümayiş etdirib.
Mənfəətlilik baxımından həlledici məqam ehtiyatlar xətti olub. AFB Bankda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 2024-cü ildə mənfi 1 milyon 215 min manat olduğu halda, 2025-ci ildə müsbət 1 milyon 917 min manat təşkil edib və bu xətt üzrə 3 milyon 132 min manatlıq müsbət dəyişiklik yaranıb. Məhz bu amil faiz marjasının zəifləməsi və əməliyyat xərclərinin artmasına baxmayaraq, AFB Bankın yekun mənfəətini artırmağa imkan verib.
Balans göstəricilərinə keçdikdə, AFB Bankın cəmi aktivləri 2024-cü ilin sonunda 295 milyon 167 min manat olduğu halda, 2025-ci ilin sonunda 423 milyon 4 min manata yüksəlib ki, bu da 127 milyon 837 min manat və ya 43,31% artım deməkdir. Aktivlərin strukturunda əsas artım müştərilərə verilmiş kreditlər hesabına formalaşıb: brut kredit portfeli 183 milyon 91 min manatdan 292 milyon 544 min manata yüksələrək 109 milyon 452 min manat və ya 59,78% artıb, xalis kreditlər isə 171 milyon 133 min manatdan 279 milyon 594 min manata yüksələrək 108 milyon 461 min manat və ya 63,38% artıb. Banklar və digər maliyyə institutlarındakı depozitlər 28 milyon manatdan 47 milyon manata yüksələrək 19 milyon manat və ya 67,86% artıb, halbuki qiymətli kağızlar portfeli 15 milyon 863 min manatdan cəmi 500 min manata düşərək 15 milyon 363 min manat və ya 96,85% azalıb.
Ötən il ərzində AFB Bankın cəmi öhdəlikləri 217 milyon 951 min manatdan 345 milyon 274 min manata yüksələrək 127 milyon 323 min manat və ya 58,42% artıb. Depozitlər üzrə öhdəliklər 132 milyon 983 min manatdan 226 milyon 362 min manata yüksəlib ki, bu da 93 milyon 379 min manat və ya 70,22% artım deməkdir. Fiziki şəxslərin depozitləri 60 milyon 108 min manatdan 114 milyon 173 min manata qalxaraq 54 milyon 65 min manat və ya 89,95% artıb, hüquqi şəxslərin depozitləri isə 72 milyon 875 min manatdan 112 milyon 189 min manata yüksələrək 39 milyon 314 min manat və ya 53,94% artıb.
AFB Bankın kapitalı 2025-ci ilin sonunda 77 milyon 731 min manat təşkil edib ki, bu da 2024-cü ilin sonundakı 77 milyon 216 min manatla müqayisədə cəmi 514 min manat və ya 0,67% artım deməkdir. Kapital adekvatlığı əmsallarının yüksək səviyyədə – I dərəcəli kapital üzrə 21,9%, məcmu kapital üzrə isə 24,17% qalması bankın prudensial baxımdan komfort zonada olduğunu göstərir.
Nəticə etibarilə, AFB Bankın 2025-ci il maliyyə nəticələri balansın və kredit portfelinin sürətli böyüməsi ilə xarakterizə olunsa da, faiz marjasının zəifləməsi və əməliyyat xərclərinin artması fonunda mənfəət artımının əsasən ehtiyatlar xəttindəki müsbət dəyişiklik hesabına formalaşdığı aydın görünür. Bu isə növbəti dövrlərdə AFB Bank üçün əsas çağırışın resursun qiymətinin idarə olunması və xərclərin nəzarətdə saxlanılması olacağını göstərir.
Müəllif: Aynur Qəniyeva

