Amerikanın Alphabet Inc. şirkətinin (Google-un əsas şirkəti) bazar dəyəri bazar ertəsi keçirilən ticarət sessiyasında 4 trilyon dolları ötüb.
GDP xəbər verir ki,sessiya ərzində şirkətin səhmlərinin qiyməti 1,7% artaraq bir səhm üçün 334,04 dollara yüksəlib, daha sonra isə 0,2% enişə keçib. 2025-ci il ərzində Alphabet-in bazar kapitallaşması 65% artıb.
CNBC-nin məlumatına görə, Apple səsli köməkçisi Siri-də Alphabet tərəfindən hazırlanmış Gemini süni intellekt modelindən istifadə etmək qərarı verib. Daha əvvəl KİV-lər yazırdı ki, bu əməkdaşlıq çərçivəsində Alphabet şirkəti ildə təxminən 1 milyard dollar gəlir əldə edəcək.
4 trilyon dollarlıq bazar dəyəri həddini bundan əvvəl Nvidia, Microsoft və Apple şirkətləri də keçmişdi. Onlardan yalnız Nvidia-nın kapitallaşması 5 trilyon dollardan artıq olub.

