Mərkəzi Bankın məlumatına görə, ötən iclasdan bəri təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edib, AZİR indeksi ilə uçot dərəcəsi arasındakı fərq tarixi minimuma enib.
GDP -nin məlumatına görə, Mərkəzi Bankın yaydığı press-relizdə qeyd olunur ki, AZİR indeksinin orta günlük səviyyəsi iyulda 7,15%, avqustda 6,97%, sentyabrın ötən dövründə isə 6,98% təşkil edib.
Ötən iclasdan bəri AZİR indeksi ilə yanaşı gəlirlik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Eyni zamanda fiziki şəxslərin manatla depozitləri üzrə faizlərdə azalmalar qeydə alınıb.
Aprel ayından etibarən Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının sərbəst qalığının yerləşdirilməsi üzrə keçirilən depozit hərracları bank sektorunun likvidlik mövqeyinə artırıcı təsir göstərməkdə davam edir.
Bu şəraitdə Mərkəzi Bank 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZİR-ə təsirini minimallaşdırmağa çalışır.
Pul bazarında aktivlik yüksək olaraq qalır. 2025-ci ilin 8 ayında ötən ilin müvafiq dövrünə nəzərən təminatsız bazarda əqdlərin sayı 19% artıb.