Warren Buffettin rəhbərlik etdiyi Berkshire Hathaway üçüncü rübdə Apple şirkətindəki payını 25% azaldaraq səhmlərdən çıxmağı davam etdirib. Şirkət nağd vəsaitlərini rekord hədd -325,2 milyard dollara çatdırıb.
Berkshire bu rübdə Apple-ın 100 milyon səhmini sataraq, şirkətdəki payını 300 milyon səhmə endirib. 2024-cü ildə ümumilikdə 600 milyondan çox səhm satılsa da, Apple 69,9 milyard dollarlıq dəyərlə Berkshire-in ən böyük səhm paketi olaraq qalmaqdadır.
Şirkətin rüblük əməliyyat mənfəəti 6% azalaraq 10,09 milyard dollar təşkil edib. Bu azalmanın əsas səbəbləri Helene qasırğası ilə bağlı sığorta öhdəliklərinin artması və ABŞ dollarının güclənməsi ilə əlaqədar valyuta itkiləridir.
Warren Buffett mayda Apple səhmlərinin satışını federal vergi dərəcəsinin 21%-dən artacağı ehtimalı ilə əsaslandırmışdı.
1965-ci ildən bəri şirkətə rəhbərlik edən 94 yaşlı Buffettin gələcəkdə səlahiyyətlərini 62 yaşlı vitse-sədr Greg Abel-ə təhvil verəcəyi gözlənilir.