Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “PAŞA Bank” ASC-ni ziyarət edib.
GDP xəbər verir ki, PAŞA Bank-ın Baş ofisində keçirilən görüşdə Bankın İdarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, Marketinq Direktoru Zara İbrahimzadə, İdarə heyəti sədrinin Assistenti Mehriban Məhərrəmli, ATİB İdarə heyətinin sədri Mürsəl Rüstəmov, sədrin müavini Tahsin Gündem və İdarə heyətinin üzvü Muhterem Öz iştirak edib.
ATİB-in fəaliyyətindəki yeniliklər barədə məlumat verən Mürsəl Rüstəmov Birliyə üzvlüyün şirkətlərə yaratdığı imkanlar, üzvlər arasındakı əməkdaşlığın onların biznesi üçün faydaları, ATİB ilə dövlət qurumları arasında mövcud tərəfdaşlıq əlaqələri barədə ətraflı məlumat verib.
Cavid Quliyev Bankın “PASHA Bank Türkiyə” ilə birlikdə bir sıra güzəşt və kredit imkanları ilə kiçik və orta sahibkarlıq da daxil olmaqla sahibkarlığı hər zaman dəstəklədiyini və bununla hər iki ölkənin iqtisadiyyatına töhfə verməyi öz prioriteti qəbul etdiyini vurğulayaraq ATİB üzvləri və PAŞA Bank müştəriləri üçün qarşılıqlı fayda və ortaq dəyər yaradacaq bütün fəaliyyətlərdə əməkdaşlığa açıq olduqlarını bildirib.




