2024-cü ilin yanvar–iyul dövründə qeyri-neft ixracı 1,9 milyard ABŞ dolları təşkil edərkən, 2025-ci ildə bu rəqəm 11,4 faiz artaraq 2,09 milyard dollara çatıb.
GDP xəbər verir ki, xüsusilə yeyinti məhsullarının ixracı 2024-cü ildəki 474,2 milyon dollardan 2025-ci ildə 689 milyon dollara qalxaraq 214,8 milyon dollarlıq, yəni 23,9 faizlik artım göstərib.
Emal sənayesi məhsullarında, o cümlədən kimya məhsullarında 30,4 faiz, qara metallarda 19,1 faiz, pambıq iplikdə isə 18,2 faiz artım qeydə alınıb.
Avqust ayının “ilk üç” məhsulu üzrə rəqəmlərdə isə kəskin fərq müşahidə olunub. 2024-cü ilin avqustunda top-3 ixrac məhsulunun ümumi dəyəri 339,6 milyon dollar idisə, 2025-ci ildə bu rəqəm 61,6 milyon dollara enərək 278 milyon dollar, yəni 81,8 faiz azalıb.
Bunun əsas səbəbləri mövsümi təsirlər və məhsul çeşidindəki dəyişikliklərdir. 2024-cü ildə lider məhsul pomidor 139,5 milyon dollar dəyərində ixrac olunmuşdu və ilboyu davamlı ixrac imkanı təqdim edirdi. 2025-ci ildə isə liderliyi şaftalı 29,8 milyon dollarlıq ixracla ələ alıb, lakin onun ixrac mövsümü yalnız iyul–avqust aylarını əhatə etdiyindən həcmi təbii olaraq məhduddur. Bu dəyişiklik təkcə pomidorun şaftalı ilə əvəzlənməsi nəticəsində 109,7 milyon dollarlıq dəyər itkisinə səbəb olub.
Digər mühüm amil qızıl ixracındakı enişdir. 2024-cü ildə qızıl 74,5 milyon dollarla üçüncü sırada yer almışdısa, 2025-ci ildə 16,6 milyon dollarla ikinci yerə düşüb. Bu, 57,9 milyon dollarlıq azalma deməkdir və əsasən qlobal bazarda qiymət dalğalanmaları, həmçinin tədarükün digər aylara və ya fərqli bazarlara yönəldilməsi ilə bağlıdır. Eyni zamanda, 2025-ci ildə polimer məhsullarının 15,2 milyon dollarlıq ixracla ilk üçlükdə yer alması, sənaye məhsullarının ixrac payının artdığını göstərir.
Məhsul strukturundakı dəyişiklik diqqətçəkəndir. 2024-cü ildə ilk üçlükdə kənd təsərrüfatı (pomidor, pambıq) və xammal (qızıl) üstünlük təşkil edirdi və bu məhsullar ümumi dəyərin 92 faizini təşkil edirdi. 2025-ci ildə isə meyvə ixracatı (şaftalı) ön plana çıxıb, polimer kimi emal olunmuş sənaye məhsulları ilk dəfə ilk üçlüyə daxil olub. Bu, kənd təsərrüfatı məhsullarında mövsümi dəyişkənliklə yanaşı, sənaye ixracının payının artdığını göstərir.
Avqustdakı bu kəskin enişə baxmayaraq, yanvar–iyul üzrə ümumi ixrac göstəriciləri müsbət trendi qoruyub. Bunun səbəbi aqrar sektorun güclü artımıdır — meyvə-tərəvəz ixracı 122,6 milyon dollarlıq artım (31,9 faiz) göstərib, ümumi aqrar məhsulların ixrac dəyəri isə 431,3 milyon dollardan 551,4 milyon dollara yüksələrək 120,1 milyon dollarlıq artım (27,9 faiz) əldə edib. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 2025-ci ildə 730,2 milyon dollara çatıb ki, bu da əvvəlki ildən 132,2 milyon dollar çoxdur.
Coğrafi baxımdan isə əsas ixrac bazarları sabit qalıb. Hər iki ildə Rusiya (2025-ci ildə 99,4 milyon dollar), Türkiyə (46,7 milyon dollar) və Gürcüstan (21,7 milyon dollar) ilk üçlükdə yer alıb. Bu, coğrafi yaxınlıq, logistika üstünlükləri və mövcud ticarət əlaqələrinin davamlılığını göstərir.
Müəllif: Aynur Qəniyeva