Azərbaycan dövlət şirkəti AzerGold CJSC ilə Türkiyənin Türk Altın İşletmeleri arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.
GDP xəbər verir ki, bu barədə Türk Altın İşletmeleri-nin CEO və Baş direktoru Alp Beyaz məlumat verib.
Onun sözlərinə görə, Bakıda keçirilən görüşdə AzerGold CJSC-nin İdarə Heyətinin sədri (CEO) Zakir Ibrahimov və şirkətin rəhbər heyəti ilə məhsuldar müzakirələr aparılıb.
Görüş zamanı mədənçilik sahəsində bilik və təcrübə mübadiləsi, texniki əməkdaşlıq, eləcə də strateji tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər iki qardaş ölkə arasında mədən sənayesi istiqamətində güclü və dayanıqlı sinerjinin formalaşdırılması potensialını dəyərləndiriblər.
Alp Beyaz azərbaycanlı tərəfin səmimi qonaqpərvərliyini və yüksək səviyyəli ev sahibliyini xüsusi qeyd edərək təşəkkürünü bildirib. O, aparılan konstruktiv dialoqun yaxın gələcəkdə konkret birgə layihələrə çevriləcəyinə inamını ifadə edib.



