Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və Azər Türk Bank ASC (ATB) Birləşmiş Ərəb Əmirlikləri ilə “Tabadul” layihəsi çərçivəsində strateji bir razılaşma imzalayıb.
GDP xəbər verir ki, məlumata görə, Azərbaycan tərəfi ilə Əbu-Dabi Birjası (ADX) arasında bağlanan Kollektiv Mübadilə Razılaşması sayəsində hər iki ölkənin birja üzvləri qarşılıqlı olaraq bir-birinin bazarlarında ticarət edə biləcək.
Bu əməkdaşlıq “Tabadul Ticarət Mərkəzi” platforması vasitəsilə həyata keçiriləcək. Platforma BFB və ADX arasında birbaşa körpü rolunu oynayaraq, investorlar və investisiya şirkətləri üçün transaksiyaların daha sürətli, təhlükəsiz və effektiv aparılmasını təmin edəcək.
Razılaşmanın tətbiqində Milli Depozit Mərkəzi mərkəzi rol oynayacaq. MDM, Əbu-Dabi Birjasının üzvlərinə Azərbaycan bazarında işləmək imkanı vermək məqsədilə onların adından nominal saxlayıcı və depo hesabları açacaq. Beləliklə, BƏƏ investorları Azərbaycan qiymətli kağızlarının hesablaşması və saxlanması xidmətlərindən rahatlıqla yararlana biləcək.
Hesablaşma agenti kimi fəaliyyət göstərmək üçün isə Azər Türk Bank ASC (ATB) təyin edilib. Bank, ilkin mərhələdə hər iki birjanın üzvləri arasında ticarət öncəsi pul öhdəliklərinin tanınması və pul köçürmələrinin həyata keçirilməsində məsuliyyət daşıyacaq.
Qeyd edək ki, “Tabadul” platforması son dövrlərdə regional bazarlar arasında səmərəli əlaqələndirici kimi çıxış edir. Azərbaycanın bu platformaya qoşulması ölkənin kapital bazarının beynəlxalq inteqrasiyasının gücləndirilməsinə, əlaqələrin genişləndirilməsinə və bazarın rəqabət qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcək.

