Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib. Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib.
Holdinqdən verilən məlumata görə, bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.
Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.
Yeni sədr “Azərsun Holdinq”in qarşısında aşağıdakı hədəfləri müəyyən edib:
· ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmaq;
· istehsalatda süni intellekt əsaslı optimallaşdırmanı tətbiq etmək;
· “Made in Azerbaijan” brendini dünyaya tanıtmaq.
Tahir Gözel həmçinin “Qarabağ” Futbol Klubunun rəhbəri, 6 xarici dildə sərbəst danışan iş adamıdır. Ailəlidir, 3 övladı var.

