Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Dövlət Neft Fondunda (ARDNF) qızıl ehtiyatlarının artırılması strategiyasının uğurlu nəticələrindən bəhs edib.
Dövlət başçısı bildirib ki, ötən il geosiyasi vəziyyəti nəzərə alaraq qızıl ehtiyatlarını artırmaq üçün strateji qərar qəbul edilib. “Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı”, – deyə Prezident vurğulayıb.
Bu qərarın fonda əhəmiyyətli gəlir gətirdiyini ifadə edən İlham Əliyev, “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazanıb“, – deyə qeyd edib.
Prezident eyni zamanda qeyd edib ki, qızılın qiymətinin dəyişkənliyi fondun ehtiyatlarına da təsir göstərir: “Lakin qızılın qiyməti aşağı düşərsə, əlbəttə ki, bizim ehtiyatlarımız da azalacaq. Beləliklə, bu gün bizim ehtiyatlarımız hər gün dəyişir. Bu gün ola bilsin 84 və ya 83 milyarddır. Sabah 85 olacaq”.
Buna baxmayaraq, İlham Əliyev vurğulayıb ki, Azərbaycanın adambaşına düşən ehtiyatların həcmi dünya ölkələri arasında ən yüksək göstəricilərdən biridir.

