Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikaya əsasən, 2026-cı ilin yanvar ayında ölkənin xarici ticarət göstəricilərində 2025-ci ilin eyni dövrü ilə müqayisədə kəskin eniş qeydə alınıb. Həm ixrac, həm də idxal əhəmiyyətli dərəcədə azalıb, lakin ən böyük çöküş idxal seqmentində baş verib.
GDP Dövlət Gömrük Komitəsinin yayımladığı məlumatlara istinadla xəbər verir ki, 2025-ci ilin yanvarında 5 milyard 90.83 milyon ABŞ dolları səviyyəsində olan xarici ticarət dövriyyəsi, 2026-cı ilin eyni dövründə 3 milyard 538.06 milyon ABŞ dollarına enib. Bir il ərzində ümumi ticarət həcmi 1 milyard 552.77 milyon ABŞ dolları azalıb. Faiz ifadəsində bu, 30.5 %-lik eniş deməkdir.
Xarici ticarətin hər iki əsas komponenti -ixrac və idxal ciddi itkilərlə üzləşib:
İxrac göstəriciləri:2025-ci ilin yanvarında ölkədən 3 milyard 38.45 milyon dollar dəyərində məhsul ixrac edilmişdisə, 2026-cı ilin yanvarında bu rəqəm 2 milyard 235.85 milyon dollara düşüb. İxracda azalma 802.60 milyon dollar və ya 26.4% təşkil edib.
İdxal göstəriciləri: İdxalda vəziyyət daha dramatikdir. 2025-ci ilin ilk ayında ölkəyə 2 milyard 52.38 milyon dollar dəyərində mal gətirilərkən, 2026-cı ilin yanvarında idxalın həcmi 1 milyard 302.21 milyon dollara qədər azalıb. İdxaldakı azalma 750.17 milyon dollar təşkil edib ki, bu da 36.6 faizlik kəskin eniş deməkdir. Beləliklə, idxal ümumi dövriyyədəki azalmada əsas rol oynayıb.
Ticarət saldosunda cüzi azalma
İdxal və ixracın hər ikisi azalsa da, idxalın daha sürətli enməsi xarici ticarət saldosuna müəyyən mənada təsir edib. İdxalın ixracdan az olması demək olan müsbət saldo (fərq) 986.07 milyon dollardan, 933.63 milyon dollara enib. Bu göstərici üzrə azalma 52.44 milyon dollar və ya 5.3 faiz təşkil edib.
Xüsusi çəkilərdə struktur dəyişikliyi
Ümumi dövriyyədə ixrac və idxalın payları da dəyişib. 2025-ci ilin yanvarında ixracın ümumi ticarətdə xüsusi çəkisi 59.68 faiz, idxalın payı isə 40.32 faiz idi. 2026-cı ilin yanvarında isə bu nisbət dəyişərək ixracın payı 63.19 faizə yüksəlib, idxalın payı isə 36.81 %-ə enib. Beləliklə, ixracın xüsusi çəkisi 3.51 faiz bəndi artıb, idxalın xüsusi çəkisi isə eyni miqdarda azalıb.
2026-cı ilin yanvar ayı xarici ticarət statistikası iqtisadi aktivliyin tempində ciddi azalmaya işarə edir. İdxalın 36.6% azalması daxili tələbin zəifləməsi və ya xarici tədarük zəncirindəki problemlərlə əlaqəli ola bilər. İxracın 26.4% azalması isə xarici bazarlarda tələbin azaldığını göstərir. Ümumi dövriyyənin 30.5% geriləməsi fonnda ticarət saldosunun cəmi 5.3% azalması, idxalın daha sürətli enməsi hesabına baş verib.
Müəllif: Aynur Qəniyeva

