2024-cü ildə dövlət büdcəsinə daxil olan dividendlər planlaşdırılandan yüksək olub. Səhmlərində dövlətin payı olan müəssisələrdən dividend daxilolmaları 558,2 milyon manat proqnozlaşdırılsa da, faktiki olaraq 577,8 milyon manat vəsait toplanıb ki, bu da proqnoz göstəricilərindən 3,5% çoxdur.
GDP Palataya istinadən xəbər verir ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən dövlət büdcəsinə ödənilən dividendlər 169,4 milyon manat təşkil edərək proqnozu 12,9% üstələmişdir. “Aqrarkredit” QSC-nin ödənişi isə 0,5 milyon manat olub və bu, proqnoz göstəricisindən iki dəfədən çoxdur. Dövlət Neft Şirkəti (ARDNŞ) isə 407,9 milyon manat dividendlə planı tam yerinə yetirib.
Hesablama Palatasının təhlilləri göstərir ki, dividendlərin uçotunda müəyyən uyğunsuzluqlar mövcuddur. ARDNŞ-dən daxil olan dividendlər “Dövlət qeyri-maliyyə təşkilatlarından alınan dividendlər” əvəzinə “Dövlət maliyyə təşkilatlarından alınan dividendlər” kateqoriyasında uçota alınıb.
Qeyd olunur ki, Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində olan “Azər-Türk Bank” ASC 2023-cü ildə 15,7 milyon manat xalis mənfəət əldə etməsinə baxmayaraq, 2024-cü il üçün dividend ödənişi nəzərdə tutulmayıb və dövlət büdcəsinə bu istiqamətdə vəsait daxil olmayıb.
Müəllif: Aynur Qəniyeva