Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) növbəlilik prinsipinə əsasən, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Kapital Bazarı Tənzimləyiciləri Forumunun Kapital Bazarının İnkişafı üzrə işçi qrupuna 2025-ci ildə də sədrlik edəcək.
Sədrlik çərçivəsində üzv dövlətlər arasında kapital bazarının inkişafına dair təhlillər aparılır və müvafiq siyasət tövsiyələri hazırlanır.
2024-cü ildə işçi qrupun təşəbbüsü ilə “Sukuk bazarının inkişafı və yaşıl sukuk təşəbbüsləri” mövzusunda hesabat hazırlanmışdı. Bu işin davamı kimi 2025-ci il üçün fəaliyyət mövzusu “Azərbaycanda Sukukun tətbiqi üçün hüquqi və tənzimləyici şərtlər: xarici təcrübə, tənzimləyici boşluqlar və islahatlara ehtiyac” kimi müəyyən edilib.
Bu mövzuda aparılan araşdırmanın nəticələri 14-cü İllik COMCEC Kapital Bazarı Tənzimləyiciləri Forumunda müzakirə edilib və AMB-nin Kapital bazarları fəaliyyətinə dair siyasət və tənzimlənmə departamentinin nümayəndəsi tərəfindən təqdimat keçirilib.
Qeyd edək ki, bu fəaliyyət AMB-nin İdarə Heyəti tərəfindən təsdiq edilmiş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda nəzərdə tutulmuş təşəbbüslərlə uyğundur. Strategiyada kapital bazarları istiqamətində investisiya alətlərinin çeşidinin artırılması və İslam maliyyəsi aləti olan Sukuk kimi yeni maliyyə məhsullarının təşviqi nəzərdə tutulur.