Bu gün Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 105 illik yubileyidir. Bu illər ərzində ölkədə mərkəzi bankçılıq uzun inkişaf yolu keçib.
Tarixi inkişaf mərhələləri
Ölkənin maliyyə tarixində mühüm bir mərhələnin başlanğıcı Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlıdır. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq AXC mühüm dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail oldu. AXC hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də məhz müstəqil mərkəzi bankın təsis edilməsi və milli pul nişanlarının yaradılması idi. Belə ki, AXC Hökuməti tərəfindən 1919-cu il martın 7-də Azərbaycan Dövlət Bankının (ADB) təşkili barədə layihə qəbul olundu. 1919-cu il sentyabrın 18-də ADB-nin nizamnaməsi təsdiqləndi və sentyabrın 30-da təntənəli açılışı keçirildi. Fəaliyyəti mürəkkəb şəraitə təsadüf etsə də, ADB müstəqil dövlətçiliyin və mərkəzi bankçılığın mühüm atributlarından biri olan milli pul nişanlarını dövriyyəyə buraxmağa da müvəffəq oldu. Beləliklə, 10, 25, 50, 100, 250 və 500 nominallı ilk milli kağız manatları tədavülə buraxıldı. AXC-nin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə ADB-nin Xalq Bankına çevrilməsindən sonra mərkəzi bankçılıq tarixinin ikinci mərhələsi başladı. Xalq Bankının əsas vəzifəsi kağız pulların emissiyası oldu. SSRİ ölkələrində mərkəzi bankçılıq müxtəlif adlara və funksiyalara uyğunlaşdırıldı. Ölkəmizdə bu funksiya 1936-1991-ci il illərdə fəaliyyət göstərmiş SSRİ Dövlət Bankının Azərbaycan İdarəsinə həvalə olundu. Azərbaycanın öz müstəqilliyini bərpa etməsi ilə ölkədə mərkəzi bankçılığın müasir inkişaf tarixi başladı. Belə ki, “Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 may tarixli Konstitusiya Qanununun “Bank sistemi və pul tədavülü” adlanan 14-cü maddəsində Azərbaycanda müstəqil bank sisteminin və milli pul vahidinin tədavülünün hüquqi əsasları təsdiqləndi, Milli Bankın statusu və səlahiyyətləri müəyyənləşdirildi.