Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarına (BOKT) cari nəzarət prosesləri çərçivəsində mühüm qərar qəbul edib.
GDP xəbər verir ki, qurumun 29 avqust 2025-ci il tarixli İdarə Heyəti Qərarına əsasən, kapitalın minimum miqdarı tələblərinə əməl etmədiyi üçün “Finoko” BOKT ASC-nin BKT-28 nömrəli (22.09.2014-cü il tarixli) və “İcraçı Kredit Agentliyi” MMC-nin 132-QB nömrəli (25.10.2002-ci il tarixli) lisenziyaları ləğv edilib.
Mərkəzi Bankın məlumatına görə, “Bank olmayan kredit təşkilatları haqqında” Qanuna edilmiş dəyişikliklər və 2024-2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişaf Strategiyası çərçivəsində yeni prudensial qaydalar təsdiqlənib. Həmin qaydalara əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan bütün mövcud və yeni BOKT-lar üçün kapitalın minimum məbləği 1 milyon manat olaraq müəyyən edilib.
AMB bildirir ki, bu tələbin məqsədi maliyyə dayanıqlığını gücləndirmək, istehlakçı hüquqlarını qorumaq və bank olmayan kredit təşkilatlarının maliyyə vasitəçiliyində rolunu artırmaqdır. Lakin “Finoko” və “İcraçı Kredit Agentliyi” kapital tələblərini yerinə yetirmək üçün zəruri addımlar atmadığına görə, onların fəaliyyətinə hüquqi əsaslarla son qoyulub.
Qanunun 25.4-cü maddəsinə əsasən, lisenziyası ləğv olunan bank olmayan kredit təşkilatları fəaliyyətini dərhal dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun qaydada ləğv edilir.
Mərkəzi Bank vurğulayıb ki, bank olmayan kredit təşkilatlarının fəaliyyəti bundan sonra da requlyativ tələblər əsasında ciddi nəzarətdə saxlanılacaq və kapital tələblərinə əməl etməyən qurumlara qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək.