Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti, banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydasını təsdiqləyib.
GDP xəbər verir ki, AMB-nin sədri Taleh Kazımov 25 fevral 2025-ci il tarixində bu barədə qərar imzalayıb.
Yeni qərara əsasən, banklar prudensial hesabatları aylıq əsasda tərtib edəcək. Hesabatlarda xarici valyutada olan rəqəmlər, hesabat tarixi üçün Mərkəzi Bank tərəfindən müəyyən edilən rəsmi məzənnə üzrə manat ekvivalenti ilə əks etdiriləcək.
Hesabatlar elektron formada hazırlanacaq və bankın İdarə Heyətinin sədrinin və ya baş maliyyə inzibatçısının gücləndirilmiş elektron imzası ilə təsdiq ediləcək. Hesabatlar, hesabat tarixindən sonrakı ayın beşinci iş gününün sonuna qədər Mərkəzi Bankın Elektron Xidmətlər Portalı vasitəsilə təqdim olunacaq.
“Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası” 25 mart 2025-ci il tarixdən, dərc edildiyi gündən bir ay sonra qüvvəyə minəcək.