Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, 2025-ci və 2026-cı illərdə inflyasiya hədəf diapazonunda qalacaq.
GDP xəbər verir ki, brifinq zamanı Taleh Kazımov bildirib ki, 2025-ci ilin sonunda inflyasiyanın 5.5%, 2026-cı ildə isə 3.8% olacağı gözlənilir.
Taleh Kazımov qeyd edib ki, 2024-cü ilin oktyabr proqnozu ilə cari ilin yanvar proqnozu arasında 0.3 faiz bəndi fərq var. Bu fərqin əsas səbəbi inflyasiya proqnozunun aşağı doğru yenilənməsi və qiymət artım tempinin azalmasıdır.
“Kənd təsərrüfatı istehsalçıları ilə bağlı qiymətlərin artım tempində də azalma müşahidə olunur. Oktyabr ayında bu sahədə qiymətlərin 6.8% artacağı proqnozlaşdırılmışdı. Lakin yanvar ayında proqnozlarımız göstərir ki, bu artım 4.2% olacaq. Bu azalma inflyasiyaya 1.25 faiz bəndi azaldıcı təsir göstərir,” – deyə Taleh Kazımov əlavə edib.
Bu rəqəmlər Azərbaycanın iqtisadiyyatında qiymətlərin sabitləşməsi və inflyasiyanın azalması istiqamətində müsbət tendensiyanı göstərir. Azərbaycan Mərkəzi Bankı bu proqnozların reallaşması üçün müvafiq monetar siyasət tədbirlərini davam etdirəcək.