Azərbaycan “yaşıl enerji”nin tədarükü, “yaşıl hidrogen” istehsalı və nəqli sahəsində lazımi təcrübəyə və nou-hauya malik İtaliya şirkətləri ilə əməkdaşlıqda maraqlıdır.
GDP xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratini ilə görüşdə bildirilib.
Görüşdə energetika sahəsində əməkdaşlığın müsbət nəticələri qeyd olunub. Bildirilib ki, enerji sahəsində əməkdaşlıq ölkələr arasında ikitərəfli iqtisadi əlaqələrin mühüm hərəkətverici qüvvəsidir. Cənub Qaz Dəhlizinin seqmentlərindən biri olan Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsi əlaqələrimizdə mühüm tarixi mərhələdir.
Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən Avropaya “yaşıl enerji”nin ixracını nəzərdə tutan layihənin “yaşıl keçid”in dəstəklənməsində önəmi vurğulanıb.
Nazirlər həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prioritetləri, qlobal miqyasda faydaları və potensial tərəfdaşlıq imkanlarına dair fikirlərini bölüşüblər.