Dövlət Ehtiyatları Agentliyi bu il sentyabrın 1-nə qədər yerli buğda istehsalçılarından 2024-cü ildə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
GDP xəbər verir ki, tədarük ediləcək ərzaqlıq buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən bütün keyfiyyət göstəricilərinə, habelə “Qida təhlükəsizliyi haqqında” qanunla müəyyən edilmiş tələblərə cavab verməlidir.
Təklif olunan ərzaqlıq buğdanın keyfiyyət tələblərinə uyğunluğunu müvafiq sahədə akkreditasiya olunmuş laboratoriyalar təsdiq etməlidir. Tədarük zamanı ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini Dövlət Ehtiyatları Agentliyi əlavə olaraq yoxlayacaq. Bütün keyfiyyət tələblərinə cavab verməyən ərzaqlıq buğda qəbul edilməyəcək.
Tədarük ediləcək ərzaqlıq buğdanın qiyməti hər ay üçün ondan öncəki ay ərzində ölkəyə idxal edilən ərzaqlıq buğdanın orta idxal statistik göstəricisinə uyğun olaraq müəyyən ediləcək.
Ərzaqlıq buğdanın qəbul məntəqələrinə çatdırılması istehsalçının vəsaiti hesabına həyata keçirilir. Qəbul məntəqələrinin ünvanları və əlaqə telefonları aşağıdakı kimidir:
Səngəçal Taxıl Elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesi, tel. 012-210-01-95;
Gəncə Taxıl Elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi, tel. 012-210-01-95;
“Karat Holding” MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel. 050-613-53-69;
“Karat Holding” MMC-nin Abşeron şöbəsi: Abşeron rayonu, Bakı-Şamaxı şossesi 13, tel. 050-222-38-36;
“Karmen” MMC”: Abşeron rayonu, tel. 050-265-80-75;
“SarıSünbül” MMC: Xızı rayonu, Giləzi kəndi, tel. 050-220-40-40;
“Aveta” MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel. 070-313-99-62;
“Gəncə Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi 1, tel. 050-320-64-54;
“Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel. 050-213-97-67;
“PakNur” MMC: Xaçmaz şəhəri, İ.Qayıbov 1, tel. 051-553-55-65.