Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizminə yonca əkinləri də əlavə edildi.
GDP xəbər verir ki,ölkənin ən kütləvi yem bitkisi olan yoncanın sığortalanması fermerlərə təbii fəlakətlər və digər risklər qarşısında mühüm təminat təqdim edəcək.
Son məlumatlara görə, Azərbaycanda təxminən 87 min fermer tərəfindən 145 min hektar ərazidə yonca əkilir. Bu bitki ən çox Qarabağ (37 min hektar), Mil Muğan (36 min hektar) və Mərkəzi Aran (29 min hektar) iqtisadi rayonlarında becərilir. Rayonlar səviyyəsində isə ən böyük yonca sahələri Ağcabədi (14,2 min ha), Beyləqan (13,5 min ha), Bərdə (11,5 min ha), Yevlax (8,7 min ha) və İmişlidə (8,6 min ha) yerləşir.
İldə bir neçə dəfə məhsul verməsi və böyük tələbat yoncanı fermerlər üçün iqtisadi cəhətdən cəlbedici etsə də, bitki təbiət hadisələri, vəhşi heyvan hücumları və üçüncü şəxslərin təsirləri qarşısında həssasdır.
Aqrar Sığorta Fondu (ASF) tərəfindən təqdim edilən sığorta geniş risklər spektrini əhatə edir. Bunlara təbiət hadisələri (dolu, fırtına, qasırğa, normadan artıq qar yağıntıları), sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu və üçüncü şəxslərin zərərverici hərəkətləri daxildir. Sığorta təminatı il ərzində əkin sahəsindən alınan bütün məhsulu, biçilmə vaxtından asılı olmayaraq qoruyur.
Sığorta prosesi fermerin məhsul bəyannaməsini təqdim etməsi ilə başlayır. Bəyannamədə gözlənilən məhsulun çəkisi (sentnerlə) və gözlənilən satış qiyməti qeyd olunur. Bu məlumatlar əsasında sahədən gözlənilən ümumi gəlir (sığorta məbləği) müəyyən edilir. Sığorta haqqı isə bu məbləğin və əkinin yerləşdiyi region üçün müəyyən edilmiş sığorta tarifinin hasilindən hesablanır. Sığorta haqqının yarısı dövlət büdcəsi tərəfindən ödənilir.
Nümunə Hesablama (Mil Muğan regionu üçün):
- Gözlənilən məhsuldarlıq: 200 sentner/hektar
- Gözlənilən satış qiyməti: 20 AZN/sentner
- Gözlənilən Ümumi Gəlir: 200 sentner * 20 AZN = 4000 AZN/hektar
- Sığorta Tarifi: 1.52%
- Ümumi Sığorta Haqqı: 4000 AZN * 1.52% = 60.8 AZN
- Dövlət Dəstəyi (50%): 30.4 AZN
- Fermərin Ödəyəcəyi Məbləğ: 30.4 AZN/hektar
Fermerlər yonca sahələrini sığortalatmaq üçün ASF-in 1651 qısa nömrəli Çağrı Mərkəzinə müraciət edə bilərlər. Aqrar sığortanın əhatə etdiyi bütün məhsulların sığorta şərtləri, tarifləri və prosesləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündü