Azərbaycanın pul bazarında 2025-ci ilin aprel ayında geniş mənada pul kütləsi (M3) 2025-ci ilin aprel ayında 4,3% artım olub.
GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 2025-ci ilin yanvar ayında 44 898,7 milyon manatdan 45 564,3 milyon manata yüksələrək 665,6 milyon manat və ya 1,48% artıb.
Fevral, mart və aprel aylarında artım daha sürətli olub və təxminən 4,2-4,3% sabitləşib. Bu artım, əsasən, iqtisadi fəallığın və bazarda pul tələbinin artması ilə izah oluna bilər. İqtisadiyyatın canlanması, ticarət dövriyyəsinin genişlənməsi və kreditləşmənin yüksəlməsi kimi amillər geniş mənada pul kütləsinin artımına təkan verir.
M2 pul aqreqatı da oxşar tendensiya nümayiş etdirir. Yanvar ayında 516,9 milyon manat və ya 1,51% artaraq 34 235,3 milyon manatdan 34 752,2 milyon manata yüksəlib. Sonrakı aylarda artım 3,2%-dən 3,4%-ə qədər dəyişir. M2 pul aqreqatının artımı, xüsusilə depozitlərin artması ilə bağlıdır və bu, vətəndaşların banklarda saxladıqları pulun və iqtisadi subyektlərin maliyyə resurslarının artmasını göstərir.
Lakin M1 — nağd pulda əksinə, azalma müşahidə olunur. 2025-ci ilin aprel ayında M1 pul aqreqatı 0.90% azalaraq 28,315.8 milyon manatdan 28,061.6 milyon manata düşüb. Yanvar ayında isə 28 785,7 milyon manatdan 27 630,4 milyon manata düşərək 1155,3 milyon manat və ya 4,01% azalıb. Bu azalmanı həm nağd pul dövriyyəsinin azalması, həm də tələb depozitlərindəki azalmanın nəticəsi kimi qiymətlərndirmək olar.
Banklardan kənarda nağd pul (M0) 2025-ci ilin aprel ayında 4,89% artıb. Cari ilin yanvar ayında M0 0,85% azalsa da, fevral, mart aylarında müvafiq olaraq 2,00%, 4,14% artaraq bazarda nağd pul dövriyyəsinin yenidən artdığını işarə edir. Bu, iqtisadiyyatda nağd əməliyyatların bərpası və ya vətəndaşların nağd pula tələbatının yenidən yüksəlməsi ilə bağlı ola bilər.
Manatla tələb edilən depozitlər isə əksinə, 2025-ci ildə azalma meyli göstərib. Yanvar ayında 7,66%, mart ayında isə 7,74% azalma müşahidə edilir. Bu, vətəndaşların qısa müddətli depozitlərdən çıxararaq ya nağd pula keçməsi, ya da digər investisiya vasitələrinə yönəlməsi ilə bağlı ola bilər.
Eyni zamanda, manatla müddətli depozitlərdə isə əhəmiyyətli artım qeydə alınıb. Müddətli depozitlər aprel ayında isə 23,94%, yanvar ayında 30,69%, artıb. Bu, əmanətçilərin uzunmüddətli sərmayəyə üstünlük verməsi və ya bankların müddətli depozitləri təşviq edən kampaniyalarının təsiri ilə izah oluna bilər. Bu artım, maliyyə bazarına olan inamın bərpası və gələcəkdə sabit gəlir əldə etməyə yönəlik davranış kimi dəyərləndirilə bilər.
Ümumilikdə, 2025-ci ilin ilk 4 ayında geniş mənada pul kütləsinin artması iqtisadi fəallığın canlanması ilə bağlıdır, lakin pulun tərkibində nağd pul və qısa müddətli depozitlərin azalması, uzunmüddətli depozitlərin isə artması pul bazarında struktur dəyişikliklərini göstərir. Bu dəyişikliklər maliyyə bazarının daha sabit və planlı şəkildə inkişaf etməsinin göstəricisi ola bilər.
Müəllif: Aynur Qəniyeva