Azərbaycanlı investorlar Qazaxıstanın Abay vilayətində yerləşən Alakol gölünün sahilində beynəlxalq müalicəvi-istirahət kompleksinin tikintisini planlaşdırırlar.
GDP xəbər verir ki, layihənin dəyəri 20 milyon ABŞ dolları təşkil edir.
Bu barədə Qazaxıstanın Abay vilayətinin hakimi Beryk Ualinin, Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayel ilə görüşü zamanı məlumat verilib. Görüşdə Azərbaycan nümayəndə heyəti layihəni təqdim edib.
Məlumata görə, kompleks ilboyu fəaliyyət göstərəcək və eyni anda 800 nəfər turisti qəbul etmək imkanına malik olacaq. Layihənin reallaşdırılması nəticəsində bölgədə 200-dək yeni iş yerinin yaradılması planlaşdırılır.
Qeyd edək ki, Alakol gölü termal və müalicəvi xüsusiyyətlərinə görə regionun əsas turizm məkanlarından biri hesab olunur. Azərbaycanlı investorların təşəbbüsü ilə həyata keçiriləcək bu layihə Qazaxıstan-Azərbaycan iqtisadi əməkdaşlığının genişlənməsinin növbəti nümunəsi kimi qiymətləndirilir.