Azərkosmosun 2024-cü ildə gəliri 41,2 milyon manatdan 37,7 milyon manata enməklə, təxminən 8,5% azalıb, bu da əsas fəaliyyət sahəsində – peyk və rabitə xidmətlərində tələbin azalması kimi qiymətləndirilə bilər. Lakin, gəlirdəki bu enməyə baxmayaraq, idarəetmə xərclərinin səmərəli idarə edilməsi nəticəsində ümumi və inzibati xərclər 34,4 milyon manatdan 22,4 milyon manata düşərək, təxminən 35% azalıb.
GDP qurumun maliyyə hesabatına istinadla xəbər verir ki, maliyyə xərclərinin də15,8 milyon manatdan 12,7 milyon manata qədər azalması və xarici valyuta əməliyyatlarından 2,5 milyon manat zərər əvəzinə 1,4 milyon manat qazanc əldə edilməsi ilə birləşən bu səmərələşdirmə tədbirləri, xalis zərərin kəskin şəkildə azalmasına səbəb olub. Belə ki, 2023-cü ildə 54,5 milyon manat olan xalis zərər, 2024-cü ildə 32,2 milyon manat səviyyəsinə enərək, tam 22,2 milyon manat və ya 40% yaxşılaşıb.
Agentliyin aktivlərində ümumi mənzərə sabit qalıb, cəmi 1% azalaraq 508,3 milyon manatdan 502,7 milyon manata endiyi müşahidə olunur. Lakin, aktivlərin strukturu əhəmiyyətli dərəcədə dəyişib. Dövriyyədə olan aktivlər, əsasən nağd pulun 35,8% azalması və debitor borclarının 65,9% -qədər kəskin azalması səbəbindən 139,5 milyon manatdan 88,2 milyon manata enərək, təxminən 37% aşağı düşüb. Bu daha yaxşı pul vəsaitlərinin dövriyyəsi və risklərin idarə edilməsi kimi qiymətləndirilə bilər. Bunun əksinə olaraq, uzunmüddətli aktivlər əsas vəsaitlərə qoyulan yeni investisiyalar sayəsində 368,9 milyon manatdan 414,6 milyon manata qalxaraq, 12% artıb, bu da şirkətin uzunmüddətli infrastruktur inkişafına sadiq qaldığını göstərir.
Agentliyin maliyyə vəziyyətində ən çox diqqəti cəlb edən müsbət dəyişiklik onun kapital və borc strukturunda baş verib. Dövlət tərəfindən göstərilən birbaşa dəstək sayəsində nizamnamə kapitalı 178 milyon manat artırılaraq 295,6 milyon manatdan 473,6 milyon manata yüksəlib. Bu, birbaşa kapitalın 195,1 milyon manatdan 237,9 milyon manata qalxmasına, yəni təxminən 22% artımına səbəb olub.
Eyni zamanda, idarəetmə borclarını 313,3 milyon manatdan 264,8 milyon manata endirməyi bacarıb, bu da 15,5% azalma deməkdir. Nəticə etibarilə, Azərkosmos öz balansını əhəmiyyətli dərəcədə möhkəmləndirib, borc yükünü azaldıb və uzunmüddətli maliyyə sabitliyini artırıb.
Nəticədə 2024-cü il Azərkosmos üçün transformasiya ili olub. Agentlik, əsas fəaliyyətindən gəlirin azalması problemini hələ də davam etdirsə də, xərclərin səmərəli idarə edilməsi, dövlət dəstəyi və borc yükünün azaldılması sayəsində maliyyə göstəricilərini kəskin şəkildə yaxşılaşdırmağı bacarıb.
Müəllif:Aynur Qəniyeva